NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Yol hərəkətinin təhlükəsizlik sahəsində təbliğat-təşviqat işinin təşkili” mövzusunda keçirilən maarifləndirici tədbirdə İnstitutun rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov çıxış ediblər.
Diqqətə çatdırılıb ki, vətəndaşların maarifləndirilməsi məqsədi ilə dövlət yol polisi tərəfindən səsli mətnlər hazırlanaraq elektron kartlara köçürülüb. Həmçinin ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılaraq marşrutlarda həmin səsyazıların gündəlik anons olunması təşkil edilib. Bundan başqa “Diqqət piyada” devizi altında aksiya keçirilərək yol hərəkəti təhlükəsizliyinə dair hazırlanan bukletlər tələbə gənclər tərəfindən Naxçıvan şəhər sakinlərinə paylanıb.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərin uğurla yerinə yetirilməsi üçün yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, hərəkət iştirakçılarının maarifləndirilməsi zəruridir.
Sonra Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov nizamlanan və nizamlanmayan piyada keçidləri, işıqfordan istifadə, yol hərəkəti qaydaları ilə bağlı tələbələrə məlumat verib. Qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı, piyadaların da məsuliyyəti nəzərdə tutulub.
Tədbirdə yol hərəkəti qaydalarından bəhs edən videoçarx nümayiş olunub, suallara cavab verilib, fikir mübadiləsi aparılıb.
Röyal Kərimov