Dünyada bəzi xalqlar var ki, onların uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də mənəvi keyfiyyətləri, zəhmətsevərliyi və ictimai məsuliyyət hissi ilə ölçülür. Yapon xalqı məhz belə xalqlardandır. Bu gün Yaponiya texnologiya, elm və sənaye sahələrində dünyanın aparıcı dövlətlərindən biri kimi tanınırsa, bunun əsasında ilk növbədə insan amili, yüksək əxlaq və güclü vətəndaş məsuliyyəti dayanır. Oxşar şəkildə, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı da tarixən özünün yüksək mənəviyyatı, qonaqpərvərliyi, böyüyə hörməti və daxili nizamı ilə seçilib. Lakin müasir dünyada yaponların qoruyub saxladığı bəzi prinsiplər, təəssüf ki, bizim cəmiyyətdə müəyyən aşınmalara məruz qalıb.
Yaponların həyat fəlsəfəsində ən diqqətçəkən xüsusiyyətlərdən biri əməyə olan hörmətdir. Onlar işə sadəcə qazanc mənbəyi kimi deyil, vicdan və şərəf məsələsi kimi yanaşırlar. Hər bir insan gördüyü işi ən yüksək səviyyədə yerinə yetirməyə çalışır. Bizim mədəniyyətimizdə də tarixən "halallıq" anlayışı əməyin əsas meyarı olub. Əcdadlarımız "iş insanın cövhəridir" deyərək hər bir sənətə müqəddəs dəyər qazandırıblar. Lakin bu gün cəmiyyətimizdə asan qazanc həvəsi, peşəkarlığın arxa plana keçməsi və işə qarşı fərdi məsuliyyətsizlik halları boy göstərməkdədir. Yaponiyada kiçik bir peşə sahibi də, böyük bir şirkətin rəhbəri də öz vəzifəsini cəmiyyət qarşısında bir borc bilsə də, bizdə bəzən vəzifə və mövqe fərdi imtiyaz alətinə çevrilir.
Yapon xalqının gücü yalnız texnologiyasında deyil, xarakterindədir. Yaponlar dürüstlüyü, dəqiqliyi və intizamı həyat normasına çeviriblər. Küçələrində təmizlik, ictimai nəqliyyatda qayda-qanun, insanların bir-birinə hörməti təsadüfi deyil. Bizim klassik irsimizdə, dastanlarımızda və el ağsaqqallığı institutunda da ictimai asayiş, dürüstlük və ətraf mühitə qayğı mərkəzi xətt idi. "Qonşun ac ikən tox yatma" fəlsəfəsi ilə böyüyən bir millətin bu gün bəzən ictimai yerlərdə bir-birinə qarşı dözümsüzlük nümayiş etdirməsi, küçələrin təmizliyinə biganə qalması, vaxta və vədə riayət etməməsi (dəqiqlik probleminin yaranması) itirdiyimiz mühüm dəyərlərdən xəbər verir. Yaponiyadakı yüksək mədəniyyət və əxlaqi tərbiyə, əslində bizim də genetik kodlarımızda mövcud olan, lakin yenidən xatırlanması lazım gələn prinsiplərdir.
Yapon cəmiyyətində insanın özündən çox, cəmiyyət qarşısındakı vəzifələri ön plana çəkilir. Hər kəs anlayır ki, şəxsi davranış bütöv millətin nüfuzuna təsir edir. Buna görə də onlar başqalarına narahatlıq verməməyə, qaydalara əməl etməyə və ümumi rifaha töhfə verməyə çalışırlar. Bizim ənənəvi "el-oba", “ictimai qınaq” təfəkkürümüz də fərdiyyətçiliyi rədd edir, neqativ davranışlardan çəkindirmək üçün nəzərdə tutulmuş güclü sosial nəzarət və etiraz forması olaraq kollektiv məsuliyyəti aşılayırdı. İndi isə şəxsi maraqların ümumi maraqlardan üstün tutulması, "mənə dəyməyən ilan min yaşasın" təfəkkürünün kök salması ictimai bağlarımızı zəiflədir. Yaponların cəmiyyət üçün fədakarlıq etməsi, bizim unudulmaqda olan "süfrəsi açıqlıq", təmənnasız xeyirxahlıq və "el dərdi çəkmək" mənəviyyatımızın modern cəmiyyətdə tətbiq olunan formasıdır. İnsanlıq və daxili nizam məsələsində də yaponlar bizim milli xarakterimizin unudulmuş tərəflərini xatırladan diqqətəlayiq nümunə göstərirlər.
Onların ənənələrində yaradana, təbiətə və insan həyatına hörmət mühüm yer tutur. Fərqli dini və fəlsəfi inancların mövcudluğuna baxmayaraq, insanların əksəriyyətini birləşdirən əsas dəyər mənəvi təmizlik, vicdanlı həyat və xeyirxahlıqdır. Azərbaycan xalqı da əsrlər boyu sufizm, irfan və şərq fəlsəfəsinin süzgəcindən keçərək insanın daxili təmizliyinə, nəfsin tərbiyəsinə böyük önəm verib. Lakin maddiyyatın mənəviyyatı üstələdiyi müasir dövrdə insanın böyüklüyünü var-dövlətlə, bahalı maşınla və ya xarici bərbəzəklə ölçmək meyilləri artıb. Yaponlar isə bizə xatırladır ki, həqiqi zadəganlıq davranışda, təvazökarlıqda və cəmiyyətə verilən faydadadır.
Tarix göstərir ki, böyük fəlakətlərdən sonra ayağa qalxmaq hər xalqın bacardığı iş deyil. İkinci Dünya müharibəsinin ağır nəticələri, təbii fəlakətlər və iqtisadi çətinliklər Yaponiyanı sınağa çəksə də, xalqın iradəsini qıra bilmədi. Onlar birlik, səbir və zəhmət hesabına ölkələrini yenidən qurdular. Azərbaycan xalqı da yaxın və uzaq tarixdə böyük sınaqlardan, müharibələrdən və torpaq itkisindən keçdi. Biz Vətən müharibəsində daxili birliyimizi, fədakarlığımızı və sarsılmaz iradəmizi yenidən kəşf etdik. Deməli, fəlakət anında birləşə bilən bu ruhu, gündəlik həyatın quruculuq işlərində, elmdə, təhsildə və iqtisadiyyatda da davamlı edə bilərik.
Yapon xalqının uğur sirri zəngin təbii sərvətlərdə deyil, insan kapitalındadır. Onların ən böyük sərvəti tərbiyəli övladları, vicdanlı vətəndaşları, zəhmətkeş işçiləri və məsuliyyətli rəhbərləridir. Azərbaycanın zəngin təbii sərvətləri olsa da, gələcəyimiz təkcə neft və qazdan yox, savadlı və tərbiyəli insanlardan asılıdır. İndi təhsilin məqsədi diplom yox, milli dəyərlərə sahib, savadlı və keyfiyyətli insanlar yetişdirməklə bərabər, müasir elmi birləşdirərək itirilmiş keyfiyyəti yenidən canlandırmaqdır.
Yaponlar bizə göstərirlər ki, bir millətin qüdrəti yalnız iqtisadi gücü ilə ölçülmür. Həqiqi güc insanın vicdanında, cəmiyyətin mənəviyyatında, xalqın birlik və məsuliyyət hissindədir. Məhz buna görə Yaponiya dünyanın ən nümunəvi ölkələrindən biri, yapon xalqı isə zəhmətin, intizamın və yüksək mədəniyyətin canlı simvolu kimi hörmət qazanıb.
Bu xalqın timsalında bir həqiqətin yenidən şahidi oluruq. İnkişafın yolu ilk növbədə insanın özündən, onun əxlaqından, əməyə münasibətindən və mənəvi dəyərlərinə sadiqliyindən keçir. Azərbaycan xalqı olaraq biz Yaponiyanı kor-koranə təqlid etməli deyilik, sadəcə öz keçmişimizə və soy-kökümüzə nəzər salmalı, itirdiyimiz halallıq, qonşuluq, böyüyə ehtiram, sözə sadiqlik və vətəndaş məsuliyyəti kimi dəyərləri yenidən canlandırmalıyıq.
"Düşməninin oğlunun ölümünə rəğmən kəfən geyinib onun hüzuruna çıxan Kərbəlayı İsmayıl ilə intiqam əvəzinə əmanəti qoruyub nəvəsinə şəhid oğlunun adını qoyan Usuboğlunun hekayəsi — şəxsi düşmənçiliyin belə milli mənəvi dəyərlərdən, insanlıq prinsiplərindən, əhdə vəfadan və kişi sözündən uca ola bilməyəcəyinin tarixi sübutudur."
"Milli intibah yalnız keçmişlə öyünmək deyil, o keçmişin saf dəyərlərini bu günün nizamına çevirə bilməkdir. İnsan çox vaxt bir şeyin qədrini onu itirdikdən sonra bildiyi üçün, gəlin itirilməkdə olan milli dəyərlərimizi gec olmadan qoruyaq və yenidən bərpa edək."
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik
Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri
