İyunun 23-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 29 kiloqramdan artıq narkotik vasitə və 1000 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanaraq götürülüb. Eyni zamanda, yabanı halda bitmiş 21 ton çəkidə 32 min 352 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 8 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də saxlanılıb.
