Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Bu barədə NUHÇIXAN-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.
Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.
E.Əhmədov barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1 aylıq inzibati həbs olunub.
“Yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Qaydalardan kənar davranışlar təhlükə yaradır və hüquqi məsuliyyət doğurur”, - deyə BDYPİ sürücülərə bir daha çağırış edib.
