Mayın 22-də “Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı fotosərgisi açılıb. Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş videoçarxa baxıblar.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakıda şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Naxçıvana ithaf edilməsinin önəmini qeyd edən B.Əsgərov ekspozisiyada yer alan fotoların məna və məzmun baxımından dolğunluğunu vurğulayıb. Qeyd edib ki, fotosərgi Naxçıvanın əsrarəngiz təbiətini tanıtmaq, təbliğ etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
“Gənc fotoqrafın bu sərgisində Naxçıvanın turizm baxımından nə qədər əhəmiyyət daşıdığının şahidi olmaqla yanaşı, müstəqil dövlətimizin qürur və iftixar mənbəyi olan ulu diyarımızın təbii coğrafi imkanlarını, maddi-mədəni irsini, onun mənsub olduğu dəyərləri bilavasitə görmək mümkündür. Beynəlxalq auditoriyanın diqqətini uzun müddət blokada şəraitində yaşamış, buna baxmayaraq, inkişaf etmiş Naxçıvana cəlb etmək istiqamətində bu sərgini uğurlu hesab etmək olar. Ulu öndər Heydər Əliyev “Mən istəyirəm ki, Naxçıvanla bağlı düşündüyüm gələcək planlarım yerinə yetsin” deyərdi. Əsası Ümummilli Lider tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasətin nəticəsidir ki, son illər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun yorulmaz fəaliyyəti sayəsində Naxçıvan bütün sahələrdə - sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd təsərrüfatı, nəqliyyat və rabitə, infrastruktur və turizm, ən nəhayət, əhalinin həyat şəraitinin yüksəldilməsi sahəsində böyük irəliləyişlər əldə edib, təbiətin mühafizəsi sahəsində yeniliklərə imza atıb, bir sözlə, müstəqil Azərbaycanın ən qabaqcıl inkişaf etmiş nümunəvi diyarına çevrilib. Qazanılan nailiyyətlər muxtar respublikanın potensialını xeyli artıraraq əlverişli investisiya, turizm və biznes mühitinin formalaşmasına xüsusi imkanlar yaradıb. Naxçıvanda icra edilən dövlət proqramlarının və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi bu gün öz bəhrəsini verməkdədir. Ulu Öndərin dövründə “Xalq-Heydər, Heydər-Xalq” birliyi, bu gün iqtidar – xalq birliyini ortaya çıxarıb, dövlətimizin uğurlarının rəhninə zəmin yaradıb”, - deyə B.Əsgərov söyləyib.
Nümayəndəliyin rəhbəri əlavə edib ki, Naxçıvanın ecazkar mənzərələrinin nümayiş etdirildiyi sərgidə yer alan fotolar müəllifin peşəkarlığını və sənət sevgisini bir daha sübut edir. Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edən B.Əsgərov gənc fotoqrafa uğurlar arzulayıb.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına son səfərini xatırladan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu səfər doğma diyarın sosial-iqtisadi inkişafını, mədəni quruculuq sahəsindəki uğurlarını bir daha ictimaiyyətə təqdim edib. Dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü siyasətin paytaxt və regionlarımızın inkişafına yönəldiyini vurğulayan akademik deyib: “Naxçıvan Muxtar Respublikası da bu inkişaf strategiyasının əhatəsində olan regionlarımızdandır. Bu gün Naxçıvanda həyatın bütün sahələrində böyük inkişaf müşahidə olunur. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan özünün yeni intibah dövrünü yaşayır. Hüseyn Bağırovun fotoları Naxçıvanın bütün gözəllikərini, özünəməxsus təbiətini və inkişafını bir daha nümayiş etdirir. Bədii fotoqrafiya aspektindən baxdıqda bu şəkillərdə Naxçıvanın hazırkı vəziyyətini canlı olaraq görmək mümkündür. Sərgilənən 70-dək foto Naxçıvanın bütün ərazisini əhatə etməklə, doğma diyarın təbiətinin gözəlliklərini də insanlara çatdırır. Bu gözəlliklər fotoqraf tərifindən kəşf edilmiş gözəlliklərdir. Naxçıvanın təbiətində qurur, əzəmət və iftixar bir-birini tamamlayır. Fotoqrafın təbiətin kompozisiyasına bu baxımdan yanaşmağı təqdirəlayiqdir”.
Akademik diqqətə çatdırıb ki, Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra bölgələrimizdə, o cümlədən Naxçıvanda həyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində qurulub.
Nümayəndəlik rəhbəri qeyd edib ki, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirib, Naxçıvan daha müasir görkəmə qovuşub. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub.
Sonra qonaqlar üç gün davam edəcək fotosərgiyə baxıblar. Sərgi maraqla qarşılanıb.
Digər xəbərlər