Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidməti Forumu davam edir.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev forumda çıxış edib.
Agentliyin sədri Azərbaycanda dövlət xidmətlərinin təşkili sahəsində həyata keçirilən islahatlardan və “ASAN xidmət” modelinin uğurlarından bəhs edib.
O bildirib ki, “ASAN xidmət” sisteminin yaradılması Prezident İlham Əliyevin vətəndaşyönümlü siyasətinin real təcəssümüdür: “Bu gün dünyada dövlət xidmətlərinin göstərilməsi sahəsində ən qabaqcıl nümunələrdən biri kimi qəbul edilən “ASAN xidmət” modeli Azərbaycanın, daha dəqiq desək, Prezident İlham Əliyevin yaratdığı uğurlu brenddir”.
Ülvi Mehdiyev xidmətin işinin təşkilində könüllülərin roluna da toxunub. O qeyd edib ki, xüsusi könüllülər proqramı vasitəsilə gənclər və tələbələr vətəndaşlara rəqəmsal xidmətlərdən və innovativ texnologiyalardan istifadə zamanı dəstək göstərirlər. Bununla yanaşı, könüllülər xidmət prosesində ortaya çıxan problemlərin müəyyən edilməsinə kömək edir, onların rəy və təklifləri xidmətlərin təkmilləşdirilməsində nəzərə alınır.
Dövlət Agentliyinin sədri, həmçinin bildirib ki, vətəndaş rəylərinin operativ şəkildə təhlili üçün məlumatlara əsaslanan mexanizmlərdən və süni intellekt alətlərindən istifadə olunur.
“Xüsusi süni intellekt köməkçisi vasitəsilə bütün xidmət mərkəzlərinin fəaliyyəti real vaxt rejimində izlənilir, gündəlik, həftəlik və aylıq hesabatlar hazırlanır, nəticələr müqayisə edilir. Bütün bu alətlər xidmətlərimizi daha da təkmilləşdirməyə, onları vətəndaşların ehtiyac və gözləntilərinə uyğun şəkildə inkişaf etdirməyə kömək edir”, – deyə Ülvi Mehdiyev vurğulayıb.
