NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsində şəhərdaxili nəqliyyatda nizam-intizamın möhkəmləndirilməsi və istismara buraxılan nəqliyyat vasitələrinin vəziyyəti müzakirə olunub.
İdarənin rəisi İlkin Məmmədov bildirib ki, sərnişindaşıma sisteminin təkmilləşdirilməsinə yönəldilmiş perspektiv planlar hazırlanıb. Müqavilələr əsasında sərnişindaşımaya cəlb edilən fiziki və hüquqi şəxslərlə nəqliyyat vasitələrinin işinin təşkili və tənzimlənməsi həyata keçirilib. Naxçıvan şəhərində sərnişindaşıma işi günün tələbləri səviyyəsində qurulub.
Şəhərdaxili sərnişindaşımada hərəkət edən avtobusların təhlükəsiz və rahat idarə olunması üçün xəttə çıxacaq avtobuslara iş vaxtından əvvəl gündəlik texniki xidmət göstərilir və sürücülər həkim müayinəsindən keçirilir.
Həmçinin avtobusların hərəkət cədvəllərində dəyişikliklər edilib, Əliabad qəsəbəsi üzrə marşrut xətti uzadılıb və mikroavtobuslar üçün yeni dayanacaqlar müəyyən edilib. Sürücülərin nizam-intizam və təhlükəsizlik qaydalarına əməl etmələri, marşrutlarda intervalın gözlənilməsi, avtobusların yuyulması, təmiz, səliqəli olmasına nəzarət etmək məqsədilə müntəzəm reydlər keçirilir.
Tədbirdə sürücülərin nizam-intizam qaydalarına daha ciddi əməl etmələri barədə müzakirələr də aparılıb.
Əbülfəz Dünyamalıyev