NUHÇIXAN xəbər verir ki, Gənclər mərkəzində “Hərbi vətənpərvərlik hissinin gənclərə aşılanmasında gənclər təşkilatlarının rolu və vəzifələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, fond tərəfindən həyata keçirilən layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştiraklarının təmin edilməsi ilə yanaşı onlara hərbi vətənpərvərlik hisslərinin aşılanması da ön plana çəkilir, aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Cavid Məmmədov bildirib ki, mütəmadi olaraq muxtar respublika gəncləri orduda yaradılmış şəraitlə tanış olur, onların hərbi hissələrə ekskursiyası təşkil edilir. Gənclər əsgərlərin yataq, yemək şəraiti və ordunun maddi-texniki bazası haqqında ətraflı məlumat alırlar. Bu da onların vətənpərvər ruhda formalaşmalarına, hərbi xidmətə maraqlarının artmasına imkan verir.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib və vətənpərvərlik mövzusunda filmə baxış olub.
Mədinə Rəhimli