Heç bir əziyyət çəkmədən onlarla kiloqram arıqlamaq bir çox insanın arzusudur. Amma orqanizm hər zaman sabitliyə can atır. Əgər həyat tərzi, qidalanma rejimi, fiziki aktivlik dəyişilməyibsə, o zaman çəki də buna uyğun qalmalıdır. Deməli, kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər.
Çəkinizi itirmənin sevinc deyil, həyəcan gətirən ən geniş yayılmış səbəbləri hansılardır?
NUHÇIXAN “Novosti Zdorovye. Mail.ru” saytına istinadla xəbər verir ki, bədən çəkisinin sürətlə itirilməsi psixikanın müxtəlif pozuntuları ilə nəticələnə bilər. Bu, ilk növbədə özünü qida qəbulunun - əsəb anoreksiyasının pozulmasında göstərir. Bədən görkəmi dəyişilən insan kökəlmək qorxusu ilə qidadan imtina edir. Depressiya yeməyə həvəsin tamamilə yox olmasına səbəb ola bilər ki, bu da güclü arıqlamağa gətirib çıxarır.
Bədən çəkisinin sürətlə və nəzərəçarpacaq dərəcədə itirilməsi şizofreniyanın ilkin əlamətlərindən biri də ola bilər. Bu zaman pasiyentin dad və qoxubilmə qabiliyyəti dəyişir, həmçinin onun üçün mağazaya getmək, yemək hazırlamaq kimi gündəlik qayğılar mənasını itirir. Psixi pozuntular zəminində inkişaf edən ekstremal arıqlamanın müalicəsini həkim-psixiatr, dərmanlar və psixoterapiya vasitəsilə aparmaq lazımdır.
Qalxanabənzər vəzinin normal fəaliyyəti maddələr mübadiləsi və çəki ilə birbaşa əlaqəlidir. Onun ifraz etdiyi hormonlar mübadilənin sürətini tənzimləyir. Tədqiqatlar göstərib ki, hipertireoz zamanı özünü göstərən qalxanabənzər vəzin həddindən artıq fəallığı əsas maddələr mübadiləsinin sürətini artırır. Belə olduqda, insan orqanizmi adi funksiyalarını təmin etmək üçün lazım olandan daha çox enerji sərf edir. Doğrudur, qalxanabənzər vəzin funksiyalarının güclənməsi iştahanı da artıra bilər, amma hipertireozlu bir sıra xəstələr arıqlamır, əksinə kökəlir.
Bağırsaq iltihabı xəstəlikləri zamanı müntəzəm baş verən ishal halları yeməkdən iyrənməyə səbəb olur. Bütün bunlar isə arıqlamağa gətirib çıxarır.
Təəssüf ki, əsaslı səbəb olmadan sürətlə arıqlama onkoloji xəstəliklərin də əlamətlərindən biri ola bilər. “Xərçəng” diaqnozu qoyulan insanların 40 faizində xəstəlik ərəfəsində çəkinin izahedilməz itirilməsi baş verib. Onkoloji xəstələrin 80 faizi isə xəstəliyini irəlilədiyi mərhələdə daha çox arıqlayır, hətta onlarda təkcə yağların əriməsi deyil, əzələlərin də itirilməsi - kaxeksiya (ciddi halsızlıq) əmələ gəlir.
Onkoloji xəstəliklər zamanı çəkinin kəskin azalması bir çox hallarda insanda iştahanın yox olması ilə əlaqədardır. Bu, xərçəngin digər simptomları – ürəkbulanması və qusma, qəbizlik, ağrılar, qidanın dadının itirilməsi, çeynəmə və udma zamanı çətinliklərlə də bağlı ola bilər. Arıqlamanın onkoloji xəstəliklə bağlı olduğu üzə çıxarsa, xərçəngin müalicəsi ilə yanaşı, insanın kökəlməsi də lazımdır. Əldən düşmüş xəstələr kimya terapiyasını və xəstəliyin simptomlarını daha ağır keçirirlər.
Çəki itirilməsinin daha bir ciddi səbəbi QİÇS-ə yoluxmaqdır. Bu xəstələr qida maddələrinin orqanizmdə lazımi dərəcədə mənimsənilmədiyi ucbatından çəki itirirlər. Onların ağız boşluğunda əmələ gələn yaralar ucbatından normal qida qəbul edə bilməməsi də arıqlamağa səbəb olur. Əgər insan sürətlə çəki itirirsə, bu, QİÇS-ə daha bir infeksiyanın əlavə olunması deməkdir. Bu xəstəliklər insanın immun sisteminin zəifləməsi zəminində baş verdiyi üçün onları opportunist adlandırırlar.
Sadalanan xəstəliklərdən başqa, birinci dərəcəli şəkərli diabet, seliakiya, diş problemləri və vərəm də ciddi çəki itirilməsinə səbəb ola bilərlər.