Baş Prokurorluq ilə İCMP arasında qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə olunub - FOTOLAR
İyunun 29-da Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan Kamran Əliyev qeyd edib ki, Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əməkdaşlıq əlaqələri formalaşıb.
Qeyd olunub ki, Komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə bağlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.
Bundan sonra Kamran Əliyev qarşı tərəfə işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırılmış şəxslərin yerinin müəyyən edilməsi, həmçinin aşkar olunmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Qəbula görə minnətdarlıq ifadə edən Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil olunmasını qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılığını bildirib.
Qonaq tərəf, həmçinin yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sistemi barədə məlumat verib, sistemin imkanları və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə edilib.