28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür
Əməyin mühafizəsi həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir
Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində milyonlarla insan xəsarət alır. Bu da əməyin mühafizəsi məsələsini aktuallaşdırır. Cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunmuşdur.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə insanların sosial müdafiəsini, o cümlədən işçilərin hüquqlarının qorunmasını və əməyin mühafizəsini daim diqqət mərkəzində saxlamış, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirmiş, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ-hüquqi aktlar qəbul edilmişdir. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Həmçinin ölkənin bu Əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da əksini tapıb. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır.
Muxtar respublikada da insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradan problemlərin qarşısının vaxtında alınması, eləcə də əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Tikinti-quraşdırma işlərinin həcminin artması, yeni istehsal və xidmət sahələrinin yaradılması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına və əməyin mühafizəsinə diqqəti artırmışdır.
2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər”, “Tikinti sektorunda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması”, 2012-ci ildə “Tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması” və 2014-cü ildə “Tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri” ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqi sahəsində müsbət göstəricilərin artmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçilərin əmək hüquqlarının qorunması, iş yerlərində təhlükəsiz iş şəraitinin yaradılması, əmək münasibətlərinin qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. İstehsal və tikinti obyektlərində işəgötürənlər tərəfindən iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət ilə bağlı 2019-cu ilin ötən dövründə 26 obyektə baxış keçirilmiş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 11 işçi həmin vasitələrlə təmin olunmuşdur. Bununla yanaşı, əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirici seminarlar davam etdirilmiş, 3 istehsal müəssisəsində və 2 tikinti sahəsində maarifləndirici seminarlar keçirilmiş, iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə olunması, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət mövzularında məlumatlar verilmişdir.
Tikinti sahəsində işə başlamazdan əvvəl sanitar, yanğın, ekoloji təhlükəsizlik, həmçinin yaxınlıqdakı mühəndis və nəqliyyat kommunikasiyalarının və tikililərin təhlükəsizliyinin təmin edilməsi, təmir-tikinti aparılan yerdə xüsusi işarələrin qoyulması, yüksək təhlükə mənbəyi olan mexanizm və avadanlıqların istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsi məsələləri də diqqət mərkəzindədir. Tikinti aparılan obyektdə müvəqqəti qurğuların qurulması, işçilərin soyunub-geyinməsi üçün çadır və köşklərin təşkil edilməsi, işçilərin nahar və istirahət etmələri üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlərin hazırlanması, işçilərin sağlamlığının qorunması məqsədilə təcili tibbi yardım çantaları ilə təmin edilməsi muxtar respublikada əməyin mühafizəsi və işçilərin sağlamlığının qorunmasına xüsusi diqqət və nəzarət yetirilməsinin daha bir ifadəsidir. Ötən dövrdə bu istiqamətdə nəzarət aparıldıqdan sonra müvafiq orqanın nümayəndələri ilə birlikdə 6 yeni obyektdə işlərin başlanılmasına razılıq verilərək rəsmiləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirilməsi üzrə nəzarət, habelə işəgötürənlərin bu istiqamətdə maarifləndirilməsi, həmçinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi diqqətdə saxlanılmış, nəzarət tədbirləri həyata keçirilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən isə Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilərək əmək qanunvericiliyi sahəsində maarifləndirmə aparılmışdır.
Muxtar respublikada işçilərin əmək hüquqlarının qorunmasına və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə davamlı nəzarətin və maarifləndirici tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, istehsalat qəzalarının sayı ötən illərlə müqayisədə xeyli azalmış, əmək qabiliyyətinin itirilməsi və ölümlə nəticələnən bədbəxt hadisələrin sayı minimuma endirilmiş, bir sıra peşə xəstəliklərinin qarşısı alınmışdır. Bu sahədə həyata keçirilən tədbirlər istehsal, emal və tikinti sahələrində əmək məhsuldarlığının artmasına və əməyin mühafizəsi mədəniyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti