Musiqimizə hüquqşünas toxunuşu…

A- A A+

Azərbaycan deyəndə qədim, ecazkar, dünya mədəniyyətinə böyük töhvələr verən Odlar Yurdu, incəsənətin hər sahəsində özünü inkişaf etdirmiş yaradıcı xalqı olan bir yurd-diyar başa düşülür. Həqiqətən, necə xoşbəxtik ki, şeiri, musiqisi, dünyaca məşhur muğamı, bir sözlə, böyük şəxsiyyətləri, incəsənət xadimləri ilə şərqin incisinə çevrilmiş bir ölkədə yaşayırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqının yaradıcılığına bu ölkənin gözəl təbiəti, zənginliyi də böyük təsir bağışlayıb. Sanki bu diyarın əsrarəngiz təbiətinin valehedici gözəlliyi ədəbiyyatımıza, musiqimizə qarışaraq yaradıcılığın ən gözəl harmoniyasını ortaya çıxarmışdır. Nəticədə Azərbaycan incəsənəti öz təbiəti kimi rəngarəng və dolğunlaşıb. Sanki hər daşı, hər qayası  qoynunda yaşayan insanları yaradıcılığa səsləyir. Mədəniyyətin beşiyi olan bu torpaq yazıçıları ilə dünya ədəbiyyatına səs salıb, bəstəkarları və musiqişünasları ilə qərbi və şərqi özünə aşiq edib.

Sadəcə hələ ötən əsrə dönüb baxdığımız zaman məlum olur ki, Üzeyir Hacıbəyovun operaları, Vaqif Mustafazadənin muğam-cazı, Nəriman Məmmədovun muğam-sonataları, Bülbül, Xan Şuşinskisi və adını sadalamadığım digər möhtəşəm incəsənət xadimləri ilə Azərbaycan hələ bir əsr bundan əvvəl də incəsənət sahəsində dünyada öz sözünü deyib.

Ölkəmizin incəsənət xadimlərini, görkəmli şəxsiyyətlərini saymaqla bitirə bilmərik. Ancaq, bu gün haqqında danışacağım sənətkar milli musiqimizə onlarla gözəl, bənzərsiz və duyğulu mahnılar bəxş etmiş bir bəstəkardır. Həm də elə bir bəstəkar ki, o təkcə sözlə “oynamayıb”, musiqi bəstələməyib, eyni zamanda xalqına ədalətin bərqərar olması sahəsində də yorulmadan xidmət edib. Bəlkə də, bəzi oxucular söhbətin kimdən getdiyini artıq təsəvvür etdi.Tanıyanlar gülümsəyərək onun notları necə məharətlə bir-birinin ardınca düzdüyünü xatırlayacaq. Gözlərini bağlayıb bir anlıq həmin ruha qida verən musiqiləri zümzümə edərək xəyallarını rəqsə qaldıracaq. Bəli, bu insan  həyatı boyu bu iki işi bir-birindən ayırmadan aparan hüquqşünas-prokuror, həm də bəstəkar olan Ələkbər Tağıyevdir. 

Azərbaycanın öz qədim mədəniyyəti və füsunkar təbiəti ilə seçilən Gəncə şəhərində kasıb bir əkinçi ailəsində, adını ölkəmizin musiqi tarixinə yazdıracaq, Azərbaycanın musiqi mədəniyyətinə rəngarənglik və yeniliklər qatacaq, lirik ruhlu bir bəstəkar – Ələkbər Tağıyev 1924-cü il aprel ayının 28-də gözlərini dünyaya açıb. İlk təhsilini də elə Gəncə şəhərində alan bəstəkar, nə az, nə çox 36 ilə yaxın bir müddətdə prokurorluq orqanlarında çalışıb və öz işinin peşəkarı, dövrünün tanınmış hüquqşünaslarından da biri olub.

Ələkbər Tağıyev 20-ci əsrin Azərbaycan mahnı janrında çox böyük və əhəmiyyətli yeri olan bir sənətkardır. Onun bəstələdiyi bir-birindən gözəl mahnılarla təkcə o dövrün musiqiçiləri deyil, həm də indiki dövr Azərbaycan musiqisinin gəncləri yetişib, formalaşır. Çünki, Ələkbər Tağıyev musiqisi öz aktuallığını hələ də qoruyub saxlayır və nə qədər Azərbaycan var, o qədər də sənətkarın musiqilərinə böyük tələbat var, olacaqdırda. Eyni zamanda, o Azərbaycan musiqi tarixində adlarla ("Leyla", "Arzu qızım", “Qonşu qız”  və s.) mahnılar yazan ilk bəstəkarlardandır.

Bildiyimiz kimi incəsənət elə bir ilahi peşədir ki, yaradıcı insanların öz yaradıcılıq fəaliyyəti bəzən təbiət vurğunluğundan, bəzən sevib-sevilməkdən, bəzən isə həyatlarında baş verən hansısa kədərli, əzablı hadisələrdən qaynaqlanır. Hüquqşünas-bəstəkar Ələkbər Tağıyevin yaradıcılıq fəaliyyətində isə bu ünsürlərin hər üçü də baş rolu oynayır. Elə sənətkarın həyat və yaradıcılığına nəzər saldığım zaman hər dəfə bu cümləni xatırlayıram: “Yazmaq üçün yanmaq lazımdır”. Belə ki, görkəmli bəstəkarın  həyatında ən böyük itki oğlu Akifin vəfatı idi. Bu itki bəstəkarın həyatında ən böyük sarsıntıya səbəb olub.

Görkəmli sənətkarımız mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliqin dünyaya gəlməsindən sonra başlayıb. Elə ilk mahnısı olan “Qonşu qız” mahnısını doğulub-böyüdüyü Gəncə şəhərində yazıb. Həmin mahnını sənətkar bənzərsiz gözəlliyi, özünün zəngin faunası, təbiəti ilə seçilən məşhur Göygölü seyr edərkən yazır. Digər bir mahnını, dünyaca məşhur olan “Sən gəlməz oldun” mahnısını isə yaxın qohumunun gənc yaşda ağır xəstəlikdən dünyasını dəyişməsindən təsirlənərək, onun yas mərasimindən qayıdandan sonra bəstələyib.

Göründüyü kimi lirik ruhlu bəstəkar Ələkbər Tağıyevin melodiyalarının hər biri onun həyatında baş verən hadisələrin daxilinə göstərdiyi təsirdən qaynaqlandığı üçün ərsəyə gətirdiyi bəstələr də qəlbdən oxunur və böyük sevgi ilə axıb könüllərə qərq olur.

Bundan başqa Ələkbər Tağıyev Azərbaycanın görkəmli şair-dramaturqları Bəxtiyar Vahabzadənin “Arzular”, “İstəyirəm görəm səni”, Rəsul Rzanın “Əhdimizə inan yar”, Səməd Vurğunun “Yadıma düşdü”, Nəbi Xəzrinin “Külək” və bir-birindən gözəl şerilərinə mahnı bəstələyərək həmin şeirlərin gözəlliyinə bir daha ölməzlik qatıb. Xüsusilə qeyd etmək lazımdır ki, bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban” kimi mahnılarınıhətta əcnəbi müğənnilər belə repertuarlarına da daxil ediblər.

Qısası, Azərbaycan milli musiqisində Ələkbər Tağıyev özünəxas bir səhifə yaradıb və bu elə bir səhifədir ki, daim ilk gündəki  təravəti ilə istər xalqımızın yaradıcı nümayəndələri, istərsə də bugünkü və gələcək nəsil tərəfindən böyük bir eşqlə, rəğbətlə vərəqlənəcək. Buna görə də nə qədər ki, sənətkarımızın insanın daxilinə nüfuz edən, könül oxşayan musiqiləri xalqımızın dillər əzbəridir, o qədər də Ələkbər Tağıyev yaddaşlarda, qəlblərdə əbədi yaşayacaqdır. 

Abdulla Kərim

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: