Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu il 18 aprel tarixdə Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.
Mədəniyyətimizin dəyərli simalarından olan, musiqişünas, rəssam və folklor tədqiqatçısı Ərtoğrol Cavid (Ərtoğrol Cavid oğlu Rasizadə) 1919-cu il oktyabrın 22-də Bakı şəhərində görkəmli şair, mütəfəkkir Hüseyn Cavidin ailəsində dünyaya göz açıb. Fitri istedadı ilə gənc yaşlarından etibarən hər kəsi heyrətləndirən və hamının diqqətini çəkən Ərtoğrol Cavid ali təhsil aldığı Azərbaycan Pedaqoji İnstitutunda da bu bacarıq və istedadlarını nümayiş etdirə bilib. O, bu təhsil ocağını 1940-cı ildə fərqlənmə diplomu ilə bitirib. 1941-1942-ci illərdə həmçinin Azərbaycan Dövlət Konservatoriyasında da təhsil alıb, dahi bəstəkar Üzeyir Hacıbəylinin sinfində oxuyaraq bu böyük sənətkar, musiqişünas və ictimai xadimin dünyagörüşünü, həyata və ictimai məsələlərə baxışını mənimsəyə bilib. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Azərbaycan musiqi məktəbinin dahilərindən olan Bülbül kimi sənətşünasdan milli musiqimizin sirlərini və incəliklərini öyrənib, onun rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb. Ərtoğrol Cavid eyni zamanda 1941-1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılan Ərtoğrol Cavid “Xalq düşməni”nin oğlu olduğu üçün (Hüseyn Cavidə “Xalq düşməni” damğası vurulmuşdu) ön cəbhəyə deyil, arxa cəbhəyə - Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib. Batalyondakı ağır şərait, Ərtoğrol Cavidə göstərilən təzyiqlər, təqiblər nəticəsində səhhətində tez-tez problemlər yaranmasına səbəb olub, az sonra ağır xəstələnir, 1943-cü il noyabrın 14-də Naxçıvanda vəfat edir. Mədəniyyətimizin bu fitri istedadlı, incəruhlu nümayəndəsinin məzarı ölümündən 53 il sonra mədəniyyətimizin hamisi ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavid məqbərəsinə köçürülüb, nəşi atası Hüseyn Cavid və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yana dəfn edilib.
Qısa ömrə sığan böyük irs...
Çoxşaxəli yaradıcılıqla məşğul olan Ərtoğrol Cavid qısa həyat yaşamasına baxmayaraq (24 yaş), böyük ədəbi-bədii irs qoyub. Üzeyir Hacıbəyli, Bülbül kimi ölməz musiqişünaslardan, akademik Məmməd Cəfər Cəfərov kimi çox dəyərli alimlərdən dərs alan Ərtoğrol Cavid gənc yaşlarından etibarən yaradıcılıqla məşğul olmağa başlayıb, ilk böyük əsərini – fortepiano üçün yazılan “9 Variasiya”nı hələ konservatoriyada oxuyarkən bəstələyib və sevimli müəllimi Üzeyir Hacıbəyliyə ithaf edib. Bundan başqa, skripka ilə fortepiano üçün yazılmış poema (1941), Nizami Gəncəvinin “Sevgili yar gəlmiş idi” qəzəlinə, görkəmli şairə Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” şeirlərinə romans və mahnılar bəstələyib. İkinci Dünya müharibəsi öncəsində “Sərhəddən məktub” simfonik balladasını və bir çox marşlar yazıb, “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərləri isə yarımçıq qalıb.
Ərtoğrol Cavid 1939-1942-ci illərdə Konservatoriyada oxuyarkən həm də xalq musiqimizə maraq göstərib, musiqi folkloru nümunələrinin toplanmasında və tədqiqində yaxından iştirak edib. Ərtoğrol Cavid bu illərdə 200-dən çox xalq mahnılarını nota salıb, xalq aşıqlarının ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib. Ərtoğrol Cavid eyni zamanda gözəl lirik şeirlər, pyes və bir-birindən maraqlı rəsmlər müəllifi kimi də şan-şöhrət qazanıb. Bu dahi şəxsiyyətin milli mədəniyyətimiz qarşısında xidmətləri diqqətdən kənar qalmayıb, yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ətoğrol Cavid” adlı 13 cildlik külliyyatda toplanıb.
Ot kökü üstə bitər...
Bəli, Ərtoğrol Cavid yaradıcılığını, həyatını mənsub olduğu xalqına həsr edən, bu yolda ölümü belə gözə alan dahi Hüseyn Cavid ailəsində böyüdü. Hüseyn Cavid tərbiyəsi, düşüncə tərzi, əyilməzliyi, cəsarəti ilə tərbiyə olundu. Bu şəkildə, bu cür mühitdə böyümək Ərtoğrol Cavid mənəviyyatına hopdu, onu məcbur etdi ki, atası kimi xalqına, onun mədəniyyətinə və sənətinə xidmət etsin. Yaradıcılığında və fəaliyyətində biz yaxşı görə bilirik ki, Ərtoğrol Cavid xalqdan, onun dəyərlərindən, sənətindən ilham alıb. Bir növ, ot öz kökü üstündə bitib, atası kimi o da xalq yolunda irəliləyib, Vətəni üçün çalışıb.
Ərtoğrol Cavid qısa ömrünə böyük və bənzərsiz ədəbi-bədii irs sığdıra bildi. Bu dahi və fitri istedadlı insanın həyatına və yaradıcılığına, çox önəmli şəxslərdən aldığı təhsilə nəzər yetirəndə bir şey diqqətimizi çəkdi. Əlbəttə, məlumdur ki, yaradıcı insanlar yaşa dolduqca daha böyük təcrübələr qazanır, həyata baxışları daha dəqiq olur, mövzu və ideyaları daha mükəmməl şəkildə seçə bilirlər. Yəni böyük ədəbi-bədii irs yarada bilir və daha da ustalaşırlar. Bu zaman isə təəssüflənməmək əldə deyil. Ərtoğrol Cavid represiya illərinin mənəvi sarsıntılarını yaşamasaydı, onun səhhətində, çox güman ki, bu cür xəstəliklər yaşanmayacaqdı, uzun ömür sürəcəkdi. Bu isə Ərtoğrol Cavidə imkan verəcəkdi ki, o bir-birindən gözəl yaradıcılıq nümunələrini, nəinki Azərbaycanımıza, hətta dünya mədəniyyətinə böyük töhfələr verə biləcək əsərləri öz ömrünə sığdıra bilsin.
Anar Qasımov
“Yeni həyat” qəzeti