Həyatını elmin inkişafına həsr edən görkəmli alim: akademik Məmməd Cəfər Cəfərov

A- A A+

Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yeri olan Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. Atası Zeynalabdin  kişi dərzi idi. Məmməd Cəfər öz ailə üzvlərini erkən itirib, bununla da onun ağır və keşməkeşli həyatı başlayıb. O, bir sıra ağır işlərdə (dərzi şagirdi,kündəgir)  çalışıb, buna baxmayaraq, heç vaxt gələcəkdə göstərəcəyi ədəbi-ictimai fəaliyyətlərə dair xəyallarından əl çəkməyib. 2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyi tamam olur. 2019-cu il aprelin 15-də akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı  Sərəncam Məmməd Cəfər Cəfərovun irsinin öyrənilməsində daha bir parlaq səhifə açacaq.

Məmməd Cəfər Cəfərov əvvəlcə Naxçıvan xeyriyyə məktəbində, şəhərdəki rus-tatar məktəbində, savad kurslarında, sonra 1928-1931-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda,daha sonra isə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində (1931-1935) təhsil alıb.Uşaqlıq illərində də Məmməd Cəfər Cəfərovun ətrafında şeirlə, ədəbiyyatla maraqlanan şəxslər az deyildi.Bu mühitdə müşahidə etdiyi süd anası “ilk bədii söz müəllimi”adlandırdığı qonşuları Zəhra xala, Məhəmməd Tağı Sidqinin qəzəllərini muğamat üstündə oxuyan Kərbəlayı Baxşəli, gündəlik qazancını qəzet-jurnala verən çörəksatan Bağır əmi Bektaşi, Şərq ədəbiyyatından farsca qəzəllər oxuyub mənalandıran kor Adıgözəl, XX əsrin əvvəlləri Azərbaycan və türk şairlərinin şeirlərini coşqun bir ilhamla oxuyub şərh etməkdən, mənalandırmaqdan yorulmayan börkçüQulamhüseyn  Məmməd Cəfər Cəfərovun fikir dünyasının formalaşıb yetkinləşməsində təməl rolunu oynayıblar. Uşaqlıq illərindən başlayaraq Məmməd Cəfər Cəfərovun yaşadığı keşməkeşli həyat yolu onun mübarizə əzmini artırıb, gələcəyin görkəmli ədəbiyyatşünasının sonrakı taleyini birmənalı şəkildə həll edib. Qatlaşdığı əziyyətlər sayəsində o, qazanılan zəfərin müqəddəsliyini qavraıb, bütün həyatı boyu Azərbaycan ədəbiyyatı üçün tükənməz enerji ilə çalışıb.

Naxçıvan mühitində rastlaşdığı, ünsiyyət qurduğu maraqlı simalar da gələcəyin aliminin formalaşmasında xüsusi rol oynayıb.BörkçüQulamhüseynin Məmməd Cəfər Cəfərova Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, türk yazarlarından Namiq Kamal və Tofiq Fikrət kimi sənətkarları tanıtması şübhəsiz ki, onun sonralar ədəbiyyata olan sonsuz marağının ilkin rüşeymlərini formalaşdırıb. Məmməd Cəfər Cəfərov öz “Xatirələr”indəQorkinin hekayə, povest və dramlarının onun taleyində əhəmiyyətli yer tutduğunu, hətta bu dahi mütəfəkkiri oxuduqdan sonra xəyallarının ardınca getmək üçün Naxçıvanı tərk etdiyini də qeyd edib. Qərb və rus ədəbiyyatının təsiri ilə oxumaq, öyrənmək axtarışları üçün Naxçıvanı tərk edən Məmməd Cəfər Cəfərovun sonralar Naxçıvan Pedaqoji Texnikumunda təhsil illərinə aid xatirələrindən də aydın olduğu kimi,bu təhsil ocağı onun gələcəyi üçün körpü rolunu oynayıb.Məmməd Cəfər Cəfərovun həyatına nəzər saldıqda bir daha aydın olur ki, Naxçıvan Pedaqoji Texnikumu onun həyat xəritəsində son dərəcə əhəmiyyətli rola malik olub. Akademikin sonrakı dövrlərdə yazdığı məqalələrdə həmin texnikumda təhsil aldığı illərdə haqqında öyrəndiyi şəxsiyyətlər barəsində geniş elmi təhlillərə rast gəlinir. Naxçıvan Pedaqoji Texnikumunu Qərb və rus ədəbiyyatına marağın formalaşması baxımından Məmməd Cəfər Cəfərovun həyatının ən vaciblipillələrindən hesab etmək olar.

Şərq ədəbiyyatı ilə tanışlığı barəsində isə alimin öz qeydlərində deyilir: “Piti bişib hazır olana qədər Adıgözəl bizimlə söhbət edər, Firdovsidən, Xəyyamdan, Nizami, Sədi və Hafizdən ilhamla farsca qəzəllər oxuyardı. Mən farsdilli ədəbiyyat nümunələrini birinci dəfə Adıgözəldən eşidirdim. Adıgözəl islam tarixini və şəriətini də yaxşı bilirdi, ancaq onun etiqadı müsəlmanların etiqadına bənzəmirdi”. Qeyd edək ki, Məmməd Cəfər Cəfərovun Azərbaycan ədəbiyyatında memuar janrının dəyərli nümunəsi olan “Xatirələr” əsəri dahi Cəlil Məmmədquluzadə ənənəsinin davamı kimi son dərəcə əhəmiyyətlidir.

Məmməd Cəfər Cəfərov Azərbaycan Pedaqoji İnstitutunun(APİ) dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, “Gənc işçi”, “Maarif işçisi” qəzetlərinin redaksiyalarında ədəbi işçi, sonralar isə APİ-nin (Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunda baş müəllim (1939-1941), ADU-nun rus ədəbiyyatı kafedrasında dosent, həmçinin “Ədəbiyyat qəzeti” redaksiyasında şöbə müdiri və digər məsul işlərdə çalışıb.

Onun elmi yaradıcılığına nəzər saldıqda isə aydın olur ki, görkəmli elm xadimi yalnız Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərlə məşğul olmayıb, həm də dünya ədəbiyyatında, xüsusilə rus ədəbiyyatında gedən proseslərə diqqət yetirib. Onun “Rus ədəbiyyatı tarixi oçerkləri”, “AlekseyNikolayeviçOstrovski”, “A.İ.Gertsen”, “Azərbaycan-rus ədəbi əlaqələrinin tarixindən”, “Rus klassikləri”, “T.Şevçenko: (həyat və yaradıcılığı)”, “N.A.Nekrasov”, “Anri Barbüs”, “NikolayQavriloviçÇernışevski”, “VissarionQriqoryeviçBelinaski”, “Çernışevskinin estetik görüşləri”, “AnnaKarenina”,  “Puşkin və Azərbaycan mədəniyyəti”, “Böyük rus yazıçısı” kimi kitab və məqalələri qeyd etdiyimiz fikrin əyani sübutudur. Alimin Azərbaycan və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri, ali məktəblər üçün dərs vəsaiti və mühazirə mətnləri bu gün də öz aktuallığını qoruyub saxlaya bilib.Akademik İsa Həbibbəyli bu barədə yazır: “Məmməd Cəfər Cəfərovun Pedaqoji İnstitutda Hacıbaba Nəzərlinin elmi rəhbərliyi ilə “Volterin yaradıcılığı” mövzusunda yazdığı elmi-tədqiqat işi “əla” qiymətə layiq görülüb”.

Tələbəlik illərində dünya ədəbiyyatına aid nümunələrə nisbətən Azərbaycan ədiblərinin əsərlərinin çətin əldə olunması Məmməd Cəfər Cəfərovu təəssüfləndirib.O, Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu illəri şərh edən xatirəsində yazır: “Bəzən gecələr kitabxanaya gələr, bir roman  və ya hekayəni oxuyub müzakirə edərdik. Oxuduğumuz kitabların çoxu rus və Qərb ədəbiyyatından edilən tərcümələr idi. Azərbaycan klassiklərinin əsərləri nəşr olunmadığından biz onlardan xəbərsiz idik”.

Sonralar Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmi tarixində olan bu boşluğu doldurur.“Xalqımızın ədəbiyyat tarixi” (1939), “Klassik şeirimizdə Nizami yaradıcılığının motivləri” (1947), “Böyük ədibin həyat və fəlsəfəsi (1947),  “Klassiklərimiz haqqında”(1948), “Ədəbi düşüncələr”(1958), “Hüseyn Cavid” (1960), “Cəlil Məmmədquluzadə” (1966)  kimi əsərləri alimin Azərbaycan ədəbiyyatşünaslığına bəxş etdiyi xüsusi töhfələr hesab olunmalıdır. Məmməd Cəfər Cəfərov 30-cu illərdən başlayaraq ədəbi-tənqidi fikirlərlə çıxış etməyə başlayır. 1941-1948-ci illəri isə M.Cəfərin yaradıcılığının ən məhsuldar çağı hesab etmək olar.

Qeyd etmək lazımdır ki, Məmməd Cəfər Cəfərov təhsil illərində həm də rus ədəbiyyatı tarixi və estetika tarixi fənlərindən dərs demişdir. Bu zəhmətli pedaqoji fəaliyyət sayəsində rus ədəbiyyatı tarixinə bələdçiliyi artan Məmməd Cəfər Cəfərov sonralar estetikaya dair fundamental əsərlərin müəllifi kimi öz adını tarixə yazdırıb. “Estetik zövq haqqında” (1964), “Estetik tərbiyə, ailə və məktəb” (1967)  əsərləri qeyd olunan sahədə vaciblivəsaitlərdəndir.

İnstitutda oxuduğu illərdə isə Homer, Russo, Didro, Bayron ilə birlikdə Mirzə Fətəli Axundovun fəlsəfi irsi ilə tanış olan Məmməd Cəfər Cəfərov 1944-cü ildə “Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiəsi ilə “Azərbaycan ədəbiyyatşünaslıq elmində tənqid tarixinə həsr olunmuş ilk sanballı elmi əsər”i ortaya qoyur.“Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri” əsəri Məmməd Cəfər Cəfərovun ciddi bir ədəbiyyat tənqidçisi olmaqla yanaşı, həm də professional ədəbiyyat nəzəriyyəçisi olduğunu isbatlayırdı.

Məmməd Cəfər Cəfərovun həyatında və elmi irsində 1962-ci ildə “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatında romantizm” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası əhəmiyyətli yer tutur. Həmin monoqrafiya Azərbaycan ədəbiyyatında yaranmış romantizmin inkişafı və qanunauyğunluqları haqqında ilk sanballı elmi-nəzəri tədqiqat əsəri idi.Akademikin “Hüseyn Cavid” (1960-cı il) monoqrafiyasında isə Hüseyn Cavidin həyat yolu, əsərlərinin yazılması, nəşri kimi məsələlər haqqında məlumat verilməklə yanaşı, görkəmli dramaturqun bədii irsi haqqında yüksək elmi fikirlər yer alıb.

Görkəmli elm xadimi Məmməd Cəfər Cəfərov 9 may 1992-ci ildə Bakıda vəfat edib. Akademik İsa Həbibbəyli böyük alimin elmi fəaliyyətini belə qiymətləndirib: “Məmməd Cəfər Cəfərоvçоx illik elmi fəaliyyəti bоyu heç vaxt hazır sxemlərdən, bəlli fоrmalardan çıxış etməyib. Əksinə, Məmməd Cəfər müəllim dəyərli əsərləri ilə ədəbiyyatşünaslıq elmində yeni mоdellər yaratmaq vəzifəsini də uğurla gerçəkləşdirmişdir.Müəllifi оlduğu əsərlər təkcə prоblemlərinə, istiqamətinə görə deyil, həm də üslubuna, fоrma xüsusiyyətlərinə, strukturuna görə də yalnız və yalnız Məmməd Cəfər Cəfərоva məxsusdur. О, elmi-nəzəri irsinə sanki özünün möhrünü basmışdır”.

Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanda ədəbiyyatşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərmiş Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıq elminə yeni nəfəs bəxş edib. Onun məqalələrində və kitablarında ortaya qoyulan bir çox məsələ müasir dövrdə də əhəmiyyətli tədqiqatların predmetinə çevrilə bilər.  Məmməd Cəfər Cəfərovun kitab və məqalələrində təhlil olunan mətləblər və öz həllini tapan problemlər o qədər böyük diqqətlə seçilib ki, həmin vəsaitlər hər dövr üçün öz aktuallığını qoruyub saxlayacaqdır.

 

Nərgiz İsmayılova,

AMEA Naxçıvan Bölməsinin  əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: