Şərurun abidələri: Şortəpə qədim yaşayış yeri

A- A A+

Şortəpə arxeoloji abidəsi ilk dəfə 1934-cü ildə İbadulla kəndi ilə Qışlaqabbas arasında su kanalı qazılarkən aşkar edilib. 1936-cı ildə arxeoloq Ələkbər Ələkbərov tərəfindən burada kəşfiyyat xarakterli qazıntı işləri aparılıb və 3 metr dərinliyə qədər mədəni təbəqə öyrənilib. Qazıntı zamanı 4 mədəni təbəqə aşkar edilib.

Birinci təbəqə eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin axırlarına qədər, yəni Kür-Araz mədəniyyəti dövrünə aiddir. Bu təbəqədən heyvan başı formasında olan nal şəkilli ocaq qurğuları aşkar edilib. İkinci təbəqə Orta Tunc dövrünə, yəni eramızdan əvvəl II minilliyin birinci yarısına, Boyalı qablar mədəniyyəti dövrünə aiddir. Üçüncü təbəqədən daş qəbirlər və uzunboğaz çəkmə formasında olan gil qab, dördüncü təbəqədən isə uşağa və yaşlı adamlara məxsus olan torpaq qəbirlər müəyyən edilib.

Keçən əsrin 70-80-ci illərində arxeoloq Vəli Əliyev yenidən Şortəpə qədim yaşayış yerində kəşfiyyat xarakterli tədqiqat işləri aparıb, abidənin Erkən Tunc və İlk Dəmir dövrlərinə aid olduğunu bir daha müəyyən edib.

Şortəpə abidəsini iki hissəyə bölən su kanalı qazılarkən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilib, bu tapıntılar Naxçıvan Dövlət Tarix Muzeyinə və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Şortəpədən Erkən Tunc dövrü (Kür-Araz mədəniyyəti) üçün səciyyəvi olan qara, çəhrayı rəngli qab hissələri və yarımşar formalı qulplar da aşkar edilib. Əldə olunmuş bir ədəd tunc bilərzik diqqəti xususilə cəlb edir. Çəkisi 420 qram olan bilərziyin ucları bir qədər aralı və nazikdir, ortaya doğru getdikcə yoğunlaşır.

Abidədən Azərbaycanın Boyalı qablar mədəniyyəti dövrünə, yəni eramızdan əvvəl II minilliyin əvvəllərinə aid olan qiymətli, həm də elmi cəhətdən maraqlı olan tapıntılar da əldə olunub. Bu tapıntılar əsasən küpə, badya və digər məişət əşyalarından ibarətdir. Qabların üzəri qırmızı boya ilə örtülüb, gövdə və boğaz hissələri qara rənglə naxışlanıb.

Yaşayış yerindən eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə, yəni Erkən Dəmir dövrünə aid qara, boz və qonur rəngli gil qab nümunələri də əldə olunub. Qara və qonur rəngli küplərin gövdəsi cızma və çərtmə üsulla nəfis şəkildə naxışlanıb. 

1986-1987-ci illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində Şortəpə qədim yaşayış yerinin Erkən Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu bir daha müəyyən olunub. 2012-2013-cü illərdə axeoloq Vəli Baxşəliyev və Abbas Seyidovun rəhbərliyi ilə Şortəpədə yenidən kəşfiyyat xarakterli qazıntı işləri aparılaraq çoxlu sayda maddi-mədəniyyət qalıqları aşkar edilib. Aparılan hələlik bu son qazıntı işləri zamanı aşkar edilən tapıntılar isə burada həyatın Eneolit, yəni Mis-Daş dövründən başlandığını meydana çıxarır. Bu qazıntılara qədər Şortəpədə Eneolit dövrü yaşayışının olduğu məlum deyildi. Lakin, son illərdə rayon ərazisində, xususilə Aşağı Daşarx, Ərəbyengicə, Xələc, Maxta kültəpəsi, Şortəpə və Ovçular təpəsində aparılan kəşfiyyat və genişmiqyaslı qazıntı işləri zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri bu qədim yaşayış yerlərində həyatın Eneolit dövründən, yəni eradan əvvəl V minillikdən başlandığını bir daha sübut edir.

Ərazidə mövcud olan qədim yaşayış izlərindən biri də küp qəbirlərdir. 1983-cü ildə kənd ərazisində televiziya ötürücü qüllə tikildiyi zaman tikinti sahəsində dörd küp qəbir aşkar edilib. Küplər böyük həcmli olub, torpağa uzadılmış vəziyyətdə qoyulub. Küp qəbirlərdən yalnız biri bütöv halda götürülüb. Qəbirin yanından badam formasında olan iri həcmli daş məmulat da tapılıb. Daş məmulatın uzunluğu 1,25 metr, eni 80 santimetr, qalınlığı 35 santimetrdir. Daşın ortasında dərinliyi 18 santimetr olan geniş çuxur oyulub. Oyulmuş bu daş məmulatın içərisindən insan sümüyü və gil qab hissələri çıxıb. Görünür, bu daş məmulat üzümçülük və şərabçılıqla bağlı olan bir alətdir. Çünki daşın yan tərəfindən diametri 12 santimetr olan deşik, uc hissəsində isə dərin nov açılıb. Daş məmulatın içərisindən çıxmış gil qab qırıqları da Antik dövrə aiddir.

İnzibati ərazi bölgüsü cəhətdən ayrı-ayrı olan İbadulla və Qışlaqabbas kəndlərinin qəbiristanlığı tarixən bir yerdə olub. Hazırda isə Qışlaqabbas kəndinin qəbiristanlığı kəndin Cənub-Qərb tərəfində, Dərə və ya Dərəçay deyilən çayın sahilində yerləşir. Ətrafa səpələnmiş çoxlu sayda sadə və şirli gil qab qırıqları müasir qəbiristanlığın Orta əsr yaşayış yerinin üzərində salındığına işarədir. Qəbir yerləri qazıldıqca gildən hazırlanmış çoxlu məişət əşyalarının qırıqları aşkara çıxır. Ərazini gəzdikcə təndir badlarına, çölmək qırıqlarına, şirli və şirsiz qab hissələrinə rast gəlinir. Maraqlı bir tapıntı isə buradan uzunluğu 50 santimetr, diametri 15 santimetr olan saxsı su borusudur. Orta əsrlər dövründə bu cür bir-birinə keçmə saxsı borulardan uzaq məsafədən suyun gətirilməsində və ya suyun kənara axıdılmasında istifadə olunub. Ərazidə obsidian (dəvəgözü daşı) parçalarına və daş alətlərə də təsadüf olunur.

Ümumiyyətə, Şortəpə tarixi zənginliyinə görə muxtar respublika ərazisində olan digər Tunc dövrü abidələri sırasında özünəməxsus yer tutur. Əldə olunmuş şirli və şirsiz qab hissələrinə əsasən, demək olar ki, burada həyat XII-XVIII əsrlər arasında davam edib. Hazırda orta əsr yaşayış yerinin üzərində təzə evlər tikildiyindən onun ərazisini müəyyənləşdirmək mümkün deyil. Buna baxmayaraq, İbadulla və Qışlaqabbas kəndləri ərazisindən əldə olunan qədim və orta əsrlər dövrünün maddi-mədəniyyət nümunələri tariximiz üçün çox qiymətli tapıntılardır.

                                                            Allahverdi Əsgərli,

Ələkli kənd tam orta məktəbinin tarix müəllimi, rayon Mədəniyyət Şöbəsinin tarixi abidələr üzrə nəzarətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: