Xoş ətri ilə dağı, dərəni bürüyən bitki-uşqun

A- A A+

Şahbuz rayonu  əsrarəngiz təbiəti ilə məşhur olduğu kimi, yetirdiyi nemətlərinin dadı-tamı, keyfiyyəti ilə də dillər əzbəridir. Burada dağın-daşın, çölün-çəmənin hər bir otu, gülü-çiçəyi gözəlliyi ilə gözlərimizi oxşadığı kimi, həm də min dərdlərin dərmanı, məlhəmidir. Belə bitkilərdən biri də uşqundur.

Bu bitki muxtar respublikamızda əsasən Ordubad, Culfa və Şahbuz rayonlarında olduqca geniş yayılıb. Rayonumuzda bu bitki Kükü, Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndlərinin dağlarında bitir. Qumsal dağ yamaclarında bitən bu bitkini yaz gələndə hər kəs demək olar ki,  yığmaq üçün dağlara üz tutur. Yazın gəlişini çox həvəslə gözləyən kənd adamları dağlardan-daşlardan yığdıqları bu bitkini nəinki təkcə öz ailələri üçün tədarük edir, eyni zamanda bazarlara çıxarmaqla ailə büdcələrini zənginləşdirirlər.

Bir çox müalicəvi sirləri özündə birləşdirən bu bitkinin məhsuldarlığı qışda və yazda yağan yağıntılardan çox asılıdır. Əgər il yağıntılı keçərsə, bitki bol olar. Çünki yağıntı uşquna necə deyərlər “can verir”.  

Uşqun bitkisinin yığılma  dövrü əsasən aprel ayının 20-dən may ayının sonunadək olur. Bu bitkinin cəmi 25-30 gün yeməli dövrü olur. Sonra isə yeyilən hissəsi- özəyi bərkiyir. Ancaq kənd adamları bu bitki ilə “əlaqəni tam kəsmirlər”. Ondan demək olar ki, yayın ortalarına kimi həm çiçəyindən, həm də ətrafında olan yarpaqlarından istifadə edirlər.  Bitkinin tərkibinə gəldikdə isə mineral və vitaminlərlə olduqca zəngindir. Ondan xalq arasında şəkər, xərçəng, ürək xəstəliklərində, immun sistemin möhkəmləndirilməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında, həzm prosesinin yaxşılaşdırılmasında geniş istifadə olunur. Daha çox susuzluğu yatıran vasitə kimi də yeyilir.

Qeyd edək ki, qabalaq və uşqun eyni kökün üzərində bitən iki bitkidir. Onları çox adam, xüsusən də şəhər adamları fərqləndirə bilmirlər, uşqun deyərək alıb yeyirlər. Ancaq bunu uşqun yığanlar, kəndlə əlaqəsi olanlar daha yaxşı bilirlər. Qabalaq hər il olur, lakin uşqun əsasən yağışla bağlıdır. Elə ki, şıdırğı  yaz yağışları başladı bu bitki cana gəlir və tez bir zamanda onun ortasından   20-25 santimetrədək özəklər günəşə doğru qalxır. Bu vaxt onlar tam yığılmağa hazır olurlar. Gərək yığım vaxtını ötürməyəsən, bir gün vaxtından ötdü yeyilməli olmur. Yığılması isə çox sadədir, bıçaqdan istifadə olunmur. Yavaşca əllə çəkirsən, özəyin içərisindən özü sürüşüb çıxır. Dadı turşməzə və bir qədər də acıya çalır. Onu bir dəfə yeyən birdə yemək istəyir. Kənd adamları uşqun yetişəndən sovuşana kimi demək olar ki, hər gün dağlardan bu bitkini toplayaraq evə gətirirlər. Həm yeyir, həm qış azuqələri hazırlayaraq saxlayırlar. Artıq qalanını isə təbii ki bazara çıxarılır. Dağlara per-pencər yığmağa gedənlər yağışdan və günəşdən qorunmaq üçün uşqunun enli yarpaqlarından çətir kimidə istifadə edirlər.

Uşqunun çiçəkləri isə başqa bir aləmdir. Yığılma vaxtı bitdikdən sonra özəklər daha da böyüyür, azacıq sarı və qızılı rəngə çalan balaca  çiçəklər açırlar. Çiçəklərin xoş ətri dağı, dərəni, yamacları bürüyür və onu toplamağa başlayırlar. Çiçəkləri yığaraq gün düşməyən yerdə üzərini tənziflə örtərək qurudurlar. Çiçəklərdən dəmlənən çayın  faydaları da yəqin ki, hər kəsə aydındır. Uşqun  çiçəklərinin çayı dəmlənərək gündə bir stəkan içilərsə, mədə-bağırsaq və qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələrə  xeyli köməklik edər. 

Bir çox dərdlərin dərmanı olan bu bitkini təkcə yazda deyil, qışda niyə istifadə etmək üçün ondan həm də çox gözəl turşu və mürəbbə hazırlayırlar.  

Turşusu xoş ətirli və dadlı olur. Bu turşu da sobu, çaşır, baldırğan kimi qoyulur. Lakin onlardan fərqi ondadır ki, uşqunun qabığı təmiz soyulur və isti suda pörtlədilmir. O, çiy formada duza qoyulur. Bir gün iri ləyəndə duza yatırıldıqdan sonra, lay-lay bankaya yığılır. Üzərinə qaynadılıb soyudulmuş sudan hazırladığımız şoraba tökülərək qışa saxlanılır.

Mürəbbə üçün isə özəklərin yuxarı hissələri, yəni əlimizlə bölmək istədiyimiz zaman asanlıqla bölünə bilən hissələr seçilməlidir. Bu hissələr seçildikdən sonra qabığı soyularaq balaca-balaca doğranır. 1 kiloqram uşqun üçün təxminən 1,5 kiloqram şəkər tozu götürülür. Şəkər tozu 3-5 stəkan suda qarışdırılaraq şirə hazırlanır. Qaynayan şirəyə uşqunlar əlavə edilir və bir gün uşqunlar şirə çəksin deyə hazırlanan şirədə qalır. Növbəti gün ara-sıra qaynadaraq bişirilir. Çox qısa bir müddətə mürəbbə hazırlanır.   Çox əhvalaçıcı qoxusu və rəngi olan mürəbbədən əsasən, ağır soyuqdəymələr zamanı istifadə edilir. Həmçinin bu mürəbbə susuzluğu yatırmaqda da olduqca təsiredicidir.

 

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: