Baharın gözəl qızı yasəmən...

A- A A+

Uşaqlıqdan bəri yazın ən gözəl qoxusunu yasəməndən alıram. Hər yazda, aprelin ortalarından bağçamızda əkdiyim yasəmən çiçəkləməyə başlayanda çox sevinirəm. Çünki rəngində əsl yaz ab-havası yaşadan bu çiçək qoxusu ilə hamı kimi, məni də ovsunlayır. Ağ, qırmızı və bənövşəyi rəngdə olub, çox xoşətirli salxımvarı çiçəkləri var. Hər il bahar aylarında yasəmən ağacları bağçaları iri və ətirli çiçəkləri ilə bəzəyirlər. Baharın gözəl qızı olan yasəmənin bütün növləri bir-birindən rənginə, qoxusuna görə çox fərqlənirlər. Yasəmən təkcə gözəlliyi ilə deyil, həm də faydalı xüsusiyyətləri ilə də seçilir. Onun çiçəklərindən tərkibində keton, jasmin və indol olan yasəmən yağı alınır. Yasəmən gülünü iyləmək baş ağrılarına, beyni möhkəmləndirməyə kömək edir. Araşdırmalar göstərib ki, yasəmən gülünün ətri insanlarda, əsasən də, qadınlarda əsəbləri sakitləşdirir. Çünki yasəmən çiçəyinin ətrini iylədiyimiz zaman bu xoşətirli iy əvvəlcə bizim ağciyərlərimizə daxil olur, daha sonra isə qan və beynimizə doğru hərəkət edir və bu zaman neyronların genişlənməsinə şərait yaradır. Beləliklə də əsəbləri sakitləşdirir.

Yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrılarında, uşaqlarda qızdırmanı salmaqda, iltihab əleyhinə vasitə kimi və bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yenicə açmış çiçəklərin həlimi ilə yorğun gözün yuyulması üçün ev şəraitində məlhəm də hazırlamaq olar. Məlhəmi hazırlamaq üçün yasəmənin çiçəkləri taxta üzərində yavaşca döyəclənərək suyu çıxarılır və əldə edilən yasəmən şirəsi gözlərə damızdırılır və ya yüngülcə silinir. Bu,  gözlərdə yorğunluğun aradan qaldırılması üçün çox faydalı bir məsləhətdir. Həmçinin bu gülün məhlulu ilə kompres hazırlayaraq üzdə olan bir çox ləkələri soldura və ya  tamamilə təmizləyə də bilərik.

Bir ovuc yasəmən gülünü götürüb qaynamış suda 15-20  dəqiqə dəmləyib, həmin su ilə saçlarımızı yaxaladıqda  saçlarımız canlanır, parlaqlıq qazanır və onları yaz günəşinin yandırıcı şüalarından qorumuş oluruq.

Yasəmən ətirli parfümlərdən istifadə etdiyimiz zaman həm ətrafdakılara xoş ətir bağışlayırıq, həm də bütün günü pozitiv oluruq. Güllərin cövhərindən bütün dünyada kosmetik vasitələrin hazırlanmasında geniş şəkildə istifadə edilir. Mütəxəssislər qadınların daha çox  yasəmən ətirli parfümlərdən istifadə etməyini, evdə isə daha çox yasəmən çiçəyi bəsləməyi məsləhət görürlər.

         Turanə

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: