Xalq təqvimində lalə dövrü

A- A A+

Ata-babalarımız tərəfindən xalq təqvimində aprel ayının az qala hər gününə ayrı adlar verilib. Bu dövrdə təbiət çox surətlə canlanır, köçəri quşlar fərqli günlərdə ölkəmizə qayıdır.Otların növbə ilə çiçəkləməsinin, təsərrüfatlarda görüləcək işlərin hər birinin xalq təqvimində öz adı vardır. Bunlardan biri də lalə dövrüdür. Aprel ayının son günlərinə təsadüf edən bu dövrdə çöl-çəmən qırmızı xalıya bürünür.

Aprel ayının təxminən 8-10-dan muxtar respublikanın aran zonasında dağ və təpələrin güney tərəflərində xalqın “sarı çiçək” adlandırdığı, yağıntılı illərdə 40-50 santimetr hündürlükdə olan bu çiçəklər tala-tala olsa da sarı xalı kimi uzaqdan göz oxşayır. Belə bir deyim vardır ki,sarı çiçək çıxdısa, deməli,qoyun-quzuya evdə yem verməzlər. Heyvanlar təzə-tər vaxtı bu çiçəkləri yemirlər. Amma sarı çiçəyin yetişməsi heyvanları doyuracaq digər otların çıxmasına işarədir. Yay-payız aylarında isə sarı çiçəyin  qurumuş  çiçəkləri heyvanların qidasının əsasını təşkil edir. Sarı çiçəyin görünməsindən 5-10 gün keçəndən sonra lalələr görünür və beləliklə, sarı xalını qırmızı xalı əvəz edir. Maraqlıdır ki, dağ döşlərində sarı çiçək və lalə eyni arealda qarışıq örtük əmələ gətirir və kənardan qırmızı rəng üstələsə də, yaxından sarı-qırmızılı talalar göz oxşayır. Muxtar respublika ərazisində lalənin bir çox növü olsa da, iki növü-dağlıq zonada çoxləçəkli və çoxillik böyük xaş-xaş laləsi, aran zonasında isə dördləçəkli kiçik xaş-xaş laləsi daha geniş yayılıb. Aran laləsi istər təzə vaxtı, istərsə də quruyandan sonra heyvanların yemini təşkil edir. Saplağı qırandan sonra  çıxan süd insanın bədəninə dəyəndə qırmızı ləkə əmələ gəlir və bir neçə gün getmir.       

Lalə gözəllik yaratmaq,eləcə də heyvanların yemini təşkil etməklə yanaşı, arıçılığın inkişafında da mühüm rol oynayır. Qışdan zəif çıxan arı ailələri bu dövrdə “qurd” qoyub ailəni gücləndirməyə çalışır. Arılar əvvəlcə sarı, sonra isə qara güləm (çiçək tozu) gətirir. Arı süfrələri çiçək tozu və bal (şəkər) ilə qidalanır. Ona görə də arıçılar üçün lalə dövrü daha çox zəhmət tələb edir. Bu dövrdə arı ailələrini daim nəzarətdə saxlamaq, yemi az olan arı ailəsinə  əlavə şirə vermək, zəif arı ailələrinə güclü ailələrdən süfrələr olan pətək götürüb qoymaqla, zəif ailəni gücləndirmək lazımdır. Arı çöldən şirə (bal) gətirənə qədər xəstəlik və zərərverici parazitlərə qarşı tədbirlər həyata keçirilir.

Xalq təqviminə görə aprel ayı çıxmamış, yəni lalə dövründə  Naxçıvanda qoyunları (xüsusən, çöldə saxlanılan qoyunları) qırxmazlar. Bu il olduğu kimi, bəzən təbiət şıltaqlıq edir, qar yağır. Bu zaman qırxılmış qoyunlar çöldə çovğuna düşüb ölə bilər. Ağacları isə şaxta vurmamaq üçün peyin, ağac yonqarını yandırıb tüstüsünü bağa verərlər.

Yazın bu dövründə təbiət  nə qədər füsunkar olsa da, bəzi adamlar üçün heç də sevindirici deyil. Bir çox adamlarda bu dövr çiçəklərdən allergiya yaranır. Xüsusən, “bahar” xəstəliyi adlanan allergiya növü bu insanları çox narahat edir. Bahar xəstəliyi formasına görə qripə oxşasa da, ən çox gözlərə təsir edir. Göz qızarıb sulanır, günəşə baxa bilmirlər.

Lalə dövründə bəzi günlərə təsərrüfatlarda görüləcək işlərlə bağlı  müxtəlif adlar verilib.Belə ki,payızda əkilən taxıllar yazda öz dibinə kölgə saldığı vaxt ikinci su verilir. Bu su adətən, aprelin 15-dən sonra verilir. Həmin vaxt verilən su el arasında “xəkov” adlansa da, “armudavar” da adlanır. Bildiyimiz kimi, alma, armud ağacı ərik, alçaya nisbətən gec çiçək açır. Ona görə armud, almanın çiçəkləməsi taxıla ikinci su verməyin vaxtını bildirir.

Aprelin 20-dən sonra olan  dövrə el arasında “qaranquşun palçıq bağlayan” dövrü də deyirlər. Bu dövrdə qaranquşlar köhnə yuvalarını sahmana salır və ya təzə yuva bağlayır. El arasında deyərlər ki, bu dövr kəsilən kərpic möhkəm olar. Vaxtilə evlər ya çiy kərpicdən, ya da “möhrə” ilə hörülərdi. Ona görə də bu dövrdə kərpic kəsilib hazırlıq görülər, yay girəndə tikinti işlərinə başlanardı.     

Bütün bunlar göstərir ki, aprel ayının xalq təqvimində məxsusi yeri var və bu ayda görüləcək işlərə uyğun adlar müəyyənləşdirilib. Ümumiyyətlə yazın gəlişi ilə rəncbər ata-babalarımızın qayğıları da artıb. Bu baxımdan may ayı da xüsusilə seçilir.

                                                                        

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: