Qara zurnanın zil səsi ətrafa yayılır, coşqun ahəngi ilə təbləri cuşa gətirərək hamını yallıya səsləyir. Milli geyimli oğlan və qızlar halay vuraraq meydançaya atılırlar. Əl-qol ritmləri, ayaq rəqsləri bir-birini əvəz edərək gözəl bir musiqi çələngi-el yallısı, cəngavərlik, mərdlik və yüksək coşqu yaradır. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kamal Babayevin qara zurnada məharətlə ifa etdiyi yallılar qəlblərə fərəh, sevinc, yüksək coşğunluq hissi bəxş edir.
«Gopu», «Tənzərə», «Köçəri», «Xələfi», «Qaladan-qalaya», «Hoydu, nərim», «Qazı-qazı», «Urfanı», «Tirməşal», «Hoynəri», «Gülümhey»… bir-birini əvəz etdikcə xatirələr bizi ağuşuna alıb uzaq keçmişlərə aparır. Xalqımızın birləşərək mərdi-mərdanəliklə torpaqlarımız uğrunda apardığı ölüm-dirim mübarizələri, qəhrəmanlıq səhnələri göz önündə canlanır. Ata-babalarımızın toy-düyünlü şənlik çağrıları kino lenti kimi gəlib xəyalımızdan keçir.
Ulu keçmişimizin birlik, qeyrət, şücaət, mərdlik və mərdanəlik timsalı olub yallılarımız. At belində döyüşə gedən mərd igidlərimiz cəngi sədaları altında əlinə qılınc alıb, yağı düşmənlərə qarşı döyüş meydanına cəngavərliklə atılıb. Qələbə ilə döyüşlərdən qayıdan igidlərimiz elə cəngi sədaları ilə də qarşılanıb, onların şəninə məclislər qurulub, nəğmələr qoşulub.
Bu coşquluyalılarımız indi də Şərur elində, qədim Naxçıvan diyarında, doğma Azərbaycanımızda toy-düyünlərin, el şənliklərinin bəzəyidir.
Müasir dövrümüzdə Şərur yallılarının ən fəal təbliğatçılarından biri, Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu, 1979-cu ildən taleyini birdəfəlik rayonumuzdakı yallı kollektivlərinə bağlamış, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Prezident mükafatçısı Kimya Babayeva xəyalımdan keçən bu xoş duyğuların məngənəsindən məni ayırır. Kimya xanım 2005-ci ildən «Şərur» Xalq Yallı ansamblına rəhbərlik edir.
Kimya Babayeva folkloru xəzinə adlandırır, bu xəzinənin içində bir sadə naxışı belə unutmaq, dəyərləndirməmək olmaz, deyir. Xalqımızın yaratdığı rəqslər saysız-hesabsızdır. Əsas məsələ rəqsin, yallının milli üslubunu qoruyub saxlamaq, onun təlqin etdiyi fikri, emosional təsir gücünü ayaq və əl hərəkətləri ilə, zərif, incə çalarlarla tamaşaçılara çatdırmaqdır.
«Şərur» Xalq Yallı Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Əfsər Novruzov isə deyir ki, yallının hər bir növündə xalqımızın qəhrəmanlıq mübarizəsi yaşayır. Götürək «Urfanı»nı, sənətşünasların fikrincə, bu yallı növündə düşmənlə mübarizə əhval-ruhiyyəsi var. İlk ağır yerişlər düşmən üzərinə irəliləyişə işarədirsə, orta mərhələdəki hərəkətlər, döyüş əhval-ruhiyyəsi sanki kimin qalib gələcəyini aydınlaşdırır. Rəqsin sonundakı qələbəlik, şadyanalıq isə döyüşün qələbə ilə başa çatdığını açıqlayır.
«Şərur» Xalq Yallı Ansamblı Almaniyada, Polşada, Çexoslovakiyada, Macarıstanda, dəfələrlə Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, Misir Ərəb Respublikasının paytaxtı Qahirədə, Türkiyənin Ankara, İstanbul, Bursa, Qars, Ərzurum, İğdır şəhərlərində olmuş, rəngarəng çıxışları tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır. Kollektivin üzvləri gözəl ifaları ilə həmişə tamaşaçıların rəğbətini qazanırlar.
Şərur yallılarından söz açanda yallının ahıllardan ibarət «Nurani» kollektivini yada salmamaq olmaz. Təməli Çərçiboğan kənd sakini, mahir qarmon ustası mərhum Bahəddin Əsgərov tərəfindən qoyulan «Nurani», adından da məlum olduğu kimi, nurani rəqqaslardan ibarətdir. Nəsillər dəyişdikcə «Nurani»nin ifaçıları da bir-birini əvəz edir. Balaca fidanların birləşdiyi «Şərur qönçələri»ni Şərur Xalq Yallı Ansamblının bazası adlandırmaq olar.
Muxtar respublika səviyyəli tədbirlərdə çıxış edən birləşmiş yallı kollektivlərinin içərisində rayonumuzu təmsil edən «Şərur qönçələri», «Şərur» və «Nurani» ansambllarının çıxışları həmişə alqışlarla qarşılanır.
Muxtar respublikamızın mədəniyyət simvoluna çevrilən Şərur yallılarının bundan sonra da el sənətinin zirvələrinə doğru daha inamla addımlamasını arzulayır, əmin oluruq ki, milli rəqslərimiz, yallılarımız yenə də bütün dünyanı ovsunlayacaqdır.
Mirhüseyn Seyidov,
rayon Ağsaqqallar Şurasının sədri, jurnalist
“Şərurun səsi” qəzeti