Şərur rayonunda hər il 20 min hektara yaxın suvarılan sahədə müxtəlif bitkilər əkilir. Bunların da əsas hissəsini taxıl, kartof, tərəvəz, qarğıdalı, günəbaxan kimi bostan və paxlalı bitkilər təşkil edir. Meyvə bağları və yaşıllıqlar da ildən-ilə genişlənir. Bu sahələrin vaxtında su ilə təmin edilməsi isə Şərur Rayon Meliorasiya və Suvarma Sistemləri İdarəsinin öhdəsinə düşür.
Şərurda təsərrüfat suyu ilə bağlı problem Ulu öndərin təşəbbüsü ilə ötən əsrin yetmişinci illərində Arpaçay dəryaçasının istismara verilməsi ilə demək olar ki, tam aradan qaldırılıb. Dəryaça 150 milyon kubmetr su tutumuna malikdir. Paylayıcı qurğudan ayrılan Sağ və Sol Sahil kanalları şəbəkəsi təkcə Şərurun yox, həm də Sədərək və Kəngərli rayonlarının minlərlə hektar torpaq sahəsini su ilə təmin edir.
Əkin sahələrinə çay yatağı, subartezian quyuları və Araz çayının sahilində quraşdırılan nasos stansiyaları vasitəsilə də su çıxarılır.
Rayon Meliorasiya və Suvarma Sistemləri İdarəsi bu ilin birinci rübündə hidrotexniki qurğularda, nasos stansiyalarında və digər sahələrdə əsaslı və cari təmir işlərini davam etdirib, arx və kanallar lildən təmizlənib,qurunt sularının səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər görülüb.
Nasos stansiyalarında son təmir işləri, digər arx və kanalların lildən, kol-kosdan təmizlənməsi davam etdirilir.
İndi Şərurun kənd adamı 2019-cu ilin bol məhsuluna etibarlı bünövrə qoymağa çalışır, taxıl zəmilərində becərilmə aparılır, yaz əkinləri davam etdirilir. İndiki halda mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə, hər sahədə bol məhsulun yetişdirilməsinə çalışırlar.
Qeyd edək ki, hazırda dəryaçada suyun həcmi maksimum səviyyədədir.
Həmişə olduğu kimi, bu mövsümdə də torpaq mülkiyyətçilərinə lazımınca köməkliklər göstəriləcək, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması istiqamətində tədbirləri davam etdiriləcək.
“Şərurun səsi” qəzeti