Akademik Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyyəti

A- A A+

Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım"

Professor V.V.Şmelyeva

XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan həyatını  Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı Zərifə Əliyeva 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində elmi fəaliyyəti çox zəngin və əhatəli olub. O, 1942-ci ildə orta məktəbi bitirib, elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1947-ci ildə oranı bitirib və iki il Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra vətənə qayıdaraq, 1949-cu ildən etibarən 18 il ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda həkim-ordinator, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub , peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə  Zərifə Əliyevaya «oftalmologiya» ixtisası üzrə «böyük elmi işçi» elmi adı verilir.   Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, həkim-oftalmoloqların ixtisaslarının , elmi kadrların yetişdirilməsində böyük rolu olub. 1977-ci ildə Zərifə Əliyeva müsabiqə yolu ilə Azərbaycan Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun göz xəstəlikləri kafedrasının professoru vəzifəsinə seçilir. Bu dövrdən başlayaraq, Zərifə Əliyevanın pedaqoji fəaliyyəti daha da genişlənir. Doktorluq dissertasiyasının müdafiəsindən sonra da elmi  axtarışlarını intensiv surətdə davam etdirən Zərifə Əliyeva bir çox görkəmli alimləri və cavan oftalmoloq həkimləri bu işə cəlb edərək həmin istiqamətdə elmi-tədqiqat işləri aparır, öz elmi məktəbini formalaşdırırdı.

Zərifə xanım - qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə Əliyevanın  əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. 

Həsən Hüseynov

                                                Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: