Muxtar respublikamızda, o cümlədən, rayonumuzda yazda təzə bitən bitkilər qidalanma orqanizminin balansını qoruyur, bədənin xəstəliklərə və xarici mühit təsirlərinə davamiyyətini artırır. Yazda insan sağlamlığı üçün 1001 dərdin dərmanı olan nemətlər bitir. Bunlardan mütləq istifadə etməliyik. Ona görə ki, qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki yediyimiz qidaların tərkibində vitaminlər az olur, bədənimiz necə deyərlər vitaminsizləşir.
Əməköməci: Muxtar respublikamızın bütün regionlarında hər addımbaşı rast gəlmək olur, çox dadlı kətəsi olur, müxtəlif yeməklərdə istifadə olunur. Cücələrin sağlamlığında da çox faydalıdır. Tərkibində maldivin adında maddə çox güclü bir mikroböldürücüdür. Ağız boşluğu, ağ ciyər xəstəlikləri, mədə-bağırsaq səpmələrində olduqca faydalıdır.
Gicitkən: Yazın ilk günündən cücərməyə başlayır. Daha çox dağətəyi kəndlərimizdə çay kənarlarında və arx qıraqlarında olur. Revmatizm xəstəliyində yarpaqları ilə ayaqları döymək çox faydalıdır. Kətə pencəri kimi də çox istifadə olunur. Təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər ac qarına içmək bədən üçün çox şəfalıdır. Qan azlığını götürür, xərçəng olmaqdan qoruyur, hətta xərçəng şişlərini balacalaşdırır, insanda yeni qan əmələ gətirir.
Mərəçüyüd: Muxtar respublikamızın bütün bölgələrində bitən mərəçüyüdün (qulançar) tərkibində zəngin U vitamini vardır. U vitamini mədə-bağırsaq yaralarında, qastritlərdə, kolitlərdə çox faydalıdır. Mərəçüyüd hamilə xanımların çox sevdiyi yemək olmalıdır, çünki tərkibində zəngin fol turşusu vardır. Qan yaranmaya təsir edərək yeni qan yaradır. Zəngin A vitamini olduğundan gözlərə çox xeyirlidir. Böyrək soyuqdəymələrində yeyilməsi faydalıdır, qulançarı azca qovurub yeyə bilərsiniz.
Cincilim: Yaz ayının əvəzsiz bitkisidir, kətəsi çox dadlı olur, tərkibində demək olar bütün vitaminlər var. Cincilim çayından yarım stəkan içən kimi mədə qıcqırmasını götürür, mədə-bağırsaq üçün olduqca faydalıdır, qaraciyərin dostudur, desək yanılmarıq. Qaraciyərin çatışmazlığı nəticəsində artmış olan bütün fermentləri zaman-zaman azaldır. Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında içilməsi faydalıdır. Axşam çayının içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxuya səbəb olur. Bu bitkini mütləq uşaqlarınıza yedizdirin.
Yarpız: Yazda daha çox istifadə olunan bitkilərdən biri də yarpızdır. Yarpızı yığıb, balaca-balaca doğrayıb, yumurta ilə kükü bişirmək çox faydalıdır. Yarpız çayı çox yaxşı köpqovucudur. Bədəni rahatladır, əsəbləri sakitləşdirir, çox yığıb qurudaraq bütün il boyu əsəbsakitləşdirici çay kimi içə bilərsiniz, gözəl ətri olur.
Şomu: İspanağın yabanı forması olan şomu can dərmanıdır. Bu bitkidə o qədər vitamin, mineral vardır ki, deyilməklə qurtarmaz qızartması, qatıq aşı çox dadlıdır, əla kətəsi olur. Qışdan çıxmış zəif orqanizmli uşaqlar üçün başdan-başa şəfadır.
Tərlan Məhəmmədqızı
“Arazın səsi” qəzeti