Yeni meyvə bağı salındı

A- A A+

Torpağa bağlananda, zəhmətə qatlaşanda istədiyinə nail ola bilərsən. İllərdir ki, bu amalla yaşayan şahbuzluların torpaqla ünsiyyəti, zəhmətə qatlaşmaları hektarlarla yeni bağların salınmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə, meşə sahələrinin artırılmasına, səliqə-sahmanın qorunmasına və təmizliyə  səbəb olub.

Bir neçə ildir ki, Şahbuz rayonunda keçirilən yaşıllaşdırma tədbirləri yolu ilə, əsasən də gənclərin qüvvəsi ilə əkilən ağaclar, salınan yaşıllıq zolaqları gözəllik ömrünü-bahar fəslində fidan çağlarını yaşayırlar. Gələcəyin barı olan ağ çiçəklər körpə tinglərin nazik budaqlarına qonmuş kəpənəyi xatırladır insana. Yol boyunca düzülmüş ağaclara, “Ömər dərəsi”, “Kar-daş”, “Badamlıq” massivlərində  şəhərimizdə yeni salınmış meyvə bağlarına-“Ərik bağı”na, “Üzüm bağı”na, “Badam bağı”na, yaşıllıq zolaqlarına baxanda, yaradan əllərinizə alqış deməyə bilmirsən. Çünki göz doymayan bu gözəllik şahbuzluların gərgin əməyi ilə mütəmadi keçirilən yaşıllıq tədbirlərində torpağa tökdükləri alın təri ilə yaranıb. Gələcək barın göstəricisi olan  bu çiçəklər yayda dadlı-tamlı meyvələri ilə yolçunu yoldan saxlayacaq, ağızlar dada gələcək. Qonaqlı-qaralı rayonun qocalı-cavanlı bütün sakinlərinin  ixtiyarı, haqqı olacaq ki, bu meyvələrdən dərib dadına baxsın.

Rayonun hər yerində belə bağlar hesabına bol meyvə gətirən minlərlə ağac varsa, onda evlərdə yayın qızmar günlərində  şaxtalı qışa tədarük olunan məhsulların çeşidi və miqdarı da çox olacaq. Bazarda bolluq hesabına ucuzluq yaranacaq. Hər kəsin lazımi qədər istədiyi meyvədən istifadə etmək imkanı yaranacaq. Çünki son illərdə salınan hektarlarla meyvə bağının bol məhsulu rayon sakinlərinin tələbatını tamamilə ödəyəcək.

Bu amalla yenə də “Böyrək suyu” bulaq-abidə kompleksinin  yaxınlığında 1,7 hektar sahəyə 1380  meyvə tingi, 0,5 hektar sahəyə isə 600 üzüm kolu əkməklə gələcəyin həm yaşıllıq sahəsinin, həm də bol meyvə məhsulunun təməli qoyulub.

         “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: