Şahbuzkəndin bu günləri

A- A A+

Səhərin erkən saatlarıdı... Yavaş-yavaş dan yeri  ağarmağa başlayır... Günəş hələ yuxusundan baş qaldırmayıb, amma Şahbuzkənddə qoyun-quzunun səsi eşidilirsə, deməli, bu kəndin sakinləri üçün gün elə bu andan etibarən başlayır. Əməyə vurğun bu insanların ilk işi elə saxladıqları mal-qaranı yerbəyer etməkdi. Maldarlıq kənd həyatının əsas dolanışıq mənbəyidir. Kənd camaatı saxladığı mal-qaranın ətindən, südündən hazırladıqları ağartı məhsullarından istifadə edib güzəranlarını yaxşılaşdırırlar.

Yaz fəslidir. Hava bəzən çiskinli, bəzən narın yağışlı, bəzən də günəşlidir. Saatlar irəlilədikcə günəşin dağlar arasından baş qaldırması və ilk şəfəqlərini yayması ilə kənd həyatı daha da rənglənir. Səhər çağı  bir tərəfdə şöləsi ilə islanan təbiətə nur saçan günəş, bir tərəfdə yağan yağmurlardan gurlaşıb sürətlə axan çay, bir tərəfdə  yağışın ardından daha da gözəlləşən ağaclar və yaşıllıqların birgə harmoniyası insanı seyrə çağırır. Şair nə gözəl demiş:

Təbiətin seyrinə çağırıram elləri,

Cənnət görmək istəyən Azərbaycana gəlsin,

Cənnət görmək istəyən bir də Azərbaycanımızın cənnət guşəsi Şahbuzkəndə gəlsin.

Şahbuzkənd Şahbuz rayonunun ərazisinə daxil olan kəndlər arasında qədimliyi ilə seçilən kəndlərdən biridir. Əslində yaşı az olmayan bu kənd abadlığı ilə də gözoxşayan kəndlərimiz sırasında yer alır. Müstəqilliyimizin çiçəklənən dövründə aparılan genişmiqyaslı quruculuq siyasəti uzun illərdir ki, uğurla həyata keçirilir. Genişlənib ucqar dağ kəndlərini belə əhatə edən bu  vüsətdən Şahbuzkənd də öz payını alıb.  Kəndin füsunkar simasına yaraşıq qatan quruculuq prosesi kəndi  ağuşuna alıb. Özü də kənd bu abadlığa hələ uzun illər əvvəldən qovuşub. Daha dəqiq desək, 2008-ci il kənd sakinlərinin yaddaşına quruculuq, inkişaf ili kimi həkk olunub.

Xüsusən də burada tikilən səliqəli və müasir tipli məktəb binasının istifadəyə verilməsi təhsilə maraq göstərən kənd sakinlərinin sevincini ikiqat artırıb. Bu gün məktəb kollektivi və təhsil alan şagirdlər yaradılan bu şəraitin əvəzində daha yaxşı nəticələr göstərmək üçün səylə çalışırlar. Onu da qeyd etmək yerinə düşər ki, hələ çar Rusiyasının hakimiyyəti dövründə, 1896-cı ildə Dərəşahbuzda (indiki Şahbuzkənddə) üçsinifli rus-tatar məktəbi açılıb. Bu məktəb yeni üsullu məktəb adlanırdı. Sənədlərə əsasən demək olar ki, bu məktəbi yaradan və ilk müdirlik edən Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş Mirzə Məhəmməd bəy Zamanbəyov (Zamanov) – Kəngərli olub. Sonralar bu məşhur elm ocağına Qori Müəllimlər Seminariyasının məzunları Mirzə Sadıq Xəlilov və Mirzə Nəsrulla Quliyev rəhbərlik ediblər.

Kəndin mərkəzində səliqəli sosial obyektlər inşa olunub və sakinlərin istifadəsinə verilib. Kəndə gediş-gəlişi təmin edən rahat asfalt yolla yanaşı ambulatoriya binası, kənd və xidmət mərkəzinin tikilməsi, kənd mərkəzində icra nümayəndəliyinin, bələdiyyənin fəaliyyət göstərməsi kənd sakinlərinə xidmətin səviyyəsini yüksəldib. Kənd mərkəzində yaradılan şəraitdən danışarkən kitabxananın adını xüsusi vurğulamaq istərdik. Quruculuq işlərinin bəhrəsi olan bu kitabxana  kənd sakinlərinə nümunəvi xidmət göstərir.  

Məlumat üçün deyək ki, Şahbuzkəndin olduqca maraqlı tarixi vardır. Hələ 1830-cu ildən sonra sənədlərdə Dərəşahbuz adı ilə yazılan bu kənd mərkəz rolunu oynayıb. I Ehsan xana aid olan sənədlərə əsasən demək olar ki, o, 1830-cu ildən ömrünün sonuna kimi, yəni 1846-cı ilədək verdiyi əmrlərin çoxunun altında Dərəşahbuz adını qeyd edib.  I Ehsan xan 1840-cı ilədək Naxçıvanın naibi olub, 1840-cı ildən isə Naxçıvan Kəngərli süvari dəstəsinin atamanı vəzifəsini daşıyıb. O vaxtlar Dərəşahbuz mərkəz olmaqla bərabər, həm də Naxçıvan xanlarının və onların varislərinin yay seyrəngahları idi. Hətta son illərə qədər Cəfərqulu xan Naxçıvanski-Kəngərlinin orada buzxanası qalırdı. Çox mühüm strateji ərazidə yerləşən bu kəndin yaxınlığında tarixlər şahidi olan Şahbuz qalası da var. Kənddə aparılan arxeoloji qazıntılar burada tarixi abidələrin, yaşayış yerlərinin olduğunu, ­ümumilikdə, kəndin qədimliyini təsdiqləməkdədir.

Xüsusən yaz fəsli kəndə tamam başqa bir aura bəxş  edib. Həyətlərə xalı kimi sərilən, üzərinə çiçəklərin bəzək vurduğu  yamyaşıl çəmənliklərdən, çiçəklərinin xoş ətrini ətrafa saçan ağaclardan, baxdıqca insanın zövqünü oxşayan  mənzərələrdən nə göz doyur nə də könül.

Yaz fəslində yolunuz  bu kənddən düşsə kəndin hər tərəfində torpağa qulluq edən, ona qayğı göstərən əməyə qatlaşan insanları görə bilərsiniz. Yaz və payız fəsli sözün əsl mənasında kənd sakinləri üçün ən cəfakeş fəsillər sayılır. Əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan kənddə insanlar həyətyanı sahələrində, tarlalarda işləyirlər.

Hansı yana boylansaq işgüzarlığı, zəhməti, qurmaq, yaratmaq, yaşatmaq sevgisi ilə yaşayan insanları ilə  bizə qurur hissi yaşadan bu kənd yay fəslində yerli və xarici turistlərin tez-tez üz tutduğu məkanlar arasındadır. Burada xoş mənzərəli evlər çoxluq təşkil edir və yeniləri də tikilməkdədir. Şahbuzkənd müasir Naxçıvanımızın abad kəndlərindən sadəcə biridir. Bu cür kəndlər isə indi muxtar respublikamızda yüzlərlədir. Yeri gəlmişkən, yaz və yay aylarını təbiət qoynunda keçirtmək istəyən insanlar Şahbuzkəndi seçsələr uduzmazlar.

Qeyd: Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

Şükufə Həsənova

Naxçıvan Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: