Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar respublikamızda həyata keçirilən ən iri layihələrdən biridir. Artıq Naxçıvan şəhəri ilə yanaşı, bir neçə rayon mərkəzi və kəndlər də bu şəbəkəyə qoşulub. Ötən il bu sevinci Şərur rayonun Yengicə kəndinin sakinləri də yaşayıblar.
Qeyd edək ki, Yengicə kəndi Şərur rayonunun əsas suvarma mənbələri olan Araz çayından və Arpaçaydan müəyyən qədər aralı məsafədə yerləşir. Bu da təbii ki, kəndin suya olan tələbatının ödənilməsində müəyyən çətinliklər yaradırdı. Yay aylarında yeganə içməli su mənbəyi olan subartezian quyularında suyun azalması problemi daha da çətinləşdirirdi.
Qeyd edim ki, muxtar respublikamızın bütün yaşayış məntəqələrini əhatə edən geniş quruculuq tədbirləri Yengicə kəndini də əhatə edib, kənddə yaraşıqlı məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, yollarımız yenidən qurulub, yolboyu piyadalar üçün səkilər düzəldilib. XVIII əsrə aid qədim Şərq hamamı bərpa edilib, burada müxtəlif xidmət obyektləri işə salınıb. Ötən ilin sentyabr ayında Yengicədə də Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olan içməli su təminatının yaradılması isə insan amilinə verilənən yüksək qiymətin daha bir ifadəsidir.
Artıq həyətlərə su xətləri çəkilib, Yengicə kəndinin 4 min 600-dən artıq sakini 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.
İlyas Kazımov,
Yengicə kənd sakini, əmək veteranı
“Şərurun səsi” qəzeti