Muxtar respublikamızın strateji əhəmiyyətli məhsula-taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Şərur rayonunda da öz bəhrəsini verir. Bu məqsədlə ötən ilin payızında da cari ilin bol məhsulunun əsası qoyulub, 4 min hektardan artıq sahədə payızlıq taxıl əkini keçirilib.
Hər hektar sahə üçün subsidiyaların, sərf edilən yanacaq və motor yağlarına görə torpaq mülkiyyətçilərinə dövlət yardımının edilməsi təmin olunub. Həmçinin «Naxçıvan Aqrolizinq» ASC Şərur Bazasından torpaq sahibkarlarına güzəştli şərtlərlə verilmiş azot gübrəsi ilkin yazda taxıl əkini sahələrinə səpilib. Hazırda yaşıl örpəyə bürünmüş taxıl zəmilərinə aqrotexniki qulluq göstərilir, gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Bu isə bol məhsul yetişdiriləcəyindən xəbər verir.
Yaz əkinlərinə də optimal müddətdə start verilib. Qeyd edək ki, yazda əkin keçirilməsi nəzərdə tutulmuş sahələrin çoxu ötən ilin payızında məhsul götürüldükdən sonra şum edilib. Şumlanmamış yerlərə isə ilkin yazdan traktorlar çıxarılıb. Yazın əvvəlindən əkin yeri hazırlamaq və toxum səpmək üçün əlverişli hava şəraitinin olmasından istifadə edən hər kəs yaz əkinlərini sürətlə və keyfiyyətlə keçirib.
Rayonun əkin atlasının mahiyyəti ilə bağlı ayrı-ayrı yaşayış məntəqələrində mütəxəssislər tərəfindən torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır, yerli şəraitə uyğun bitkilərin əkilməsi diqqət mərkəzində saxlanılır. Bütün bunların nəticəsidir ki, əkin sürətlə və keyfiyyətlə aparılır.
İndiyədək 78 hektar sahədə yazlıq arpa, 4 hektarda paxlalılar, 8 hektarda bostan bitkiləri, 124 hektar sahədə tərəvəz, 267 hektar sahədə dən üçün qarğıdalı, 500 hektar sahədə isə çoxillik yem bitkiləri əkini keçirilib.
İqlim şəraitinin kartofçuluğun inkişafı üçün əlverişli olması rayonda bu sahəyə marağı xeyli artırıb. Sahibkarlara güzəştli şərtlərlə kredit və əkin avadanlıqlarının verilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilib, məhsuldarlığın artırılmasında mühüm rol oynayan keyfiyyətli toxum sortu alınıb gətirilərək torpaq mülkiyyətçilərinə satılıb. Texnikalardan səmərəli istifadə olunaraq hələlik 315 hektar sahədə kartof əkini aparılıb və bu tədbir davam etdirilir.
Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq olunan «2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq, bu il rayon ərazisində yeni meyvə bağları salınıb, mövcud bağlarda bərpa işləri görülüb.
Bir sözlə, yazın ilk günlərindən əkin sahələrinə çıxan Şərurun torpaq mülkiyyətçiləri cari ilin bol məhsulunun əsasını qoymaq üçün əsl fədakarlıq göstərirlər.
Ümumilikdə, indiyə kimi 1.305 hektar şumlanıb, 1.296 hektar sahədə yazlıq əkinlər keçirilib.
«Şərurun səsi»