NDU-da yeni ixtisaslar - zamanın diktə etdiyi seçim

A- A A+

Zaman sürətlə dəyişir, bu sürət axınında geri qalmamaq üçün gələcəyə xüsusi hazırlaşmaq lazımdır. Yeni dünya düzəni, əmək bazarında daha ehtiyac duyulmayan peşələr və dəyişilən dünyanın tələblərinə uyğun olaraq, gələcəyə hazırlamalı olduğumuz mütəxəssis kadrlar... Bu məsələdə ən böyük məsuliyyət ali təhsil ocaqlarının üzərinə düşür. Universitetlər yüz ölçüb bir biçməli, qarşıdakı 10 ilin, 50 ilin kadrlarını indidən yetişdirməlidirlər.

Naxçıvan Dövlət Universiteti də 2026–2027-ci tədris ilinə məhz bu hədəflə hazırlaşır. Universitet əmək bazarının çağırışlarını, ölkənin inkişaf prioritetlərini və beynəlxalq təhsil tendensiyalarını nəzərə alaraq təhsil imkanlarını genişləndirir, yeni ixtisaslar açır və müasir tədris mühitini daha da təkmilləşdirir. 2026–2027-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Kimya mühəndisliyi, Hüquqşünaslıq (tədrisi ingilis dilində), Bitki mühafizəsi, Tərcümə (Çin–Azərbaycan dilləri), Riyaziyyat müəllimliyi (tədrisi ingilis dilində), Turizm işinin təşkili (tədrisi ingilis dilində), İnformasiya texnologiyaları (tədrisi türk dilində), Xüsusi pedaqogika, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə tələbə qəbulu aparılacaq.

 Yeni açılan ixtisaslar arasında Bitki mühafizəsi ixtisası xüsusi yer tutur, ölkədə həyata keçirilən inkişaf strategiyası ilə uzlaşır. Cənab Prezident İlham Əliyev çıxışlarında qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolunu dəfələrlə vurğulayaraq bu sahədə müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının əhəmiyyətini önə çəkib. Bu yanaşma aqrar təhsilin də yeni mərhələyə keçməsini zəruri edir. Məhz bu baxımdan Naxçıvan Dövlət Universitetində "Bitki mühafizəsi" ixtisasının yaradılması təsadüfi deyil. İqlim dəyişiklikləri, bitki xəstəlikləri və zərərvericilərlə mübarizə, müasir aqrotexnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu sahədə peşəkar mütəxəssislərə ehtiyacı daha da artırır. Yeni ixtisas üzrə hazırlanacaq kadrlar həm regionun aqrar potensialının səmərəli istifadəsinə, həm də ölkənin ərzaq təhlükəsizliyi strategiyasının həyata keçirilməsinə öz töhfələrini verəcəklər.

İnformasiya texnologiyaları ixtisasının türk dilində tədrisi rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən müasir İT mütəxəssislərinin hazırlanmasına xidmət edəcək. Dövlətimizin başçısı çıxışlarında rəqəmsal transformasiyanın sürətləndirilməsini, innovasiyaların tətbiqini, süni intellekt texnologiyalarının inkişafını və yüksəkixtisaslı insan kapitalının formalaşdırılmasını ölkənin inkişafının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu baxımdan informasiya texnologiyaları sahəsində peşəkar kadr hazırlığı dövlətin rəqəmsallaşma strategiyasının mühüm tərkib hissəsidir. Naxçıvan Dövlət Universiteti də bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyətini genişləndirir. Universitetin təşkilatçılığı ilə keçirilən "Süni intellekt: nəzəriyyədən praktikaya" adlı beynəlxalq konfrans bu sahədə aparılan elmi müzakirələrin, innovativ yanaşmaların və universitet–sənaye əməkdaşlığının inkişafına mühüm töhfə verib. Yeni açılan İnformasiya texnologiyaları ixtisası da məhz bu istiqamətdə aparılan ardıcıl fəaliyyətin davamı olmaqla tələbələrə proqramlaşdırma, süni intellekt, rəqəmsal sistemlər və müasir informasiya texnologiyaları sahəsində beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmağı hədəfləyir. İxtisasın türk dilində tədrisi isə tələbələrin Türkiyənin ali təhsil və texnologiya ekosistemi ilə daha sıx inteqrasiyasına, ortaq elmi layihələrdə iştirakına və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına əlavə imkanlar yaradacaq.

Tərcümə (Çin–Azərbaycan dilləri) ixtisasının açılması isə Naxçıvan Dövlət Universitetinin Çinlə sürətlə inkişaf edən akademik əməkdaşlığının məntiqi nəticəsidir. Son illər universitet Çinin aparıcı ali təhsil və elm müəssisələri ilə əlaqələrini genişləndirərək süni intellekt, yaşıl enerji, informasiya təhlükəsizliyi, logistika və digər istiqamətlərdə birgə layihələr, akademik mübadilə proqramları və ikili diplom imkanları üzrə mühüm razılaşmalar əldə edib. Bu əməkdaşlıq fonunda Çin dili üzrə mütəxəssis hazırlığına başlanılması təsadüfi deyil. Azərbaycan ilə Çin arasında iqtisadi, ticarət və humanitar əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə Çin dilini bilən peşəkar kadrlara ehtiyac da artır. Yeni ixtisas tələbələrə yalnız dil bilikləri deyil, həm də beynəlxalq ticarət, logistika, turizm, diplomatiya və tərcümə sahələrində karyera qurmaq, eyni zamanda NDU-nun Çin universitetləri ilə əməkdaşlığı çərçivəsində formalaşan akademik imkanlardan faydalanmaq imkanı yaradacaq.

Kimya mühəndisliyi ixtisasının açılması sənaye və istehsal sahələrində müasir texnologiyalara bələd mühəndislərə artan tələbatdan irəli gəlir. Kimya sənayesi, əczaçılıq, qida istehsalı, enerji və ekoloji texnologiyalar kimi sahələrdə peşəkar mühəndislərə ehtiyac ildən ilə artır.

Hüquqşünaslıq, Riyaziyyat müəllimliyi və Turizm işinin təşkili ixtisaslarının ingilis dilində tədrisi isə universitetin beynəlmiləlləşmə strategiyasının tərkib hissəsidir. Xarici dildə təhsil tələbələrin beynəlxalq proqramlara qoşulmasına, xarici universitetlərlə əməkdaşlıq imkanlarından yararlanmasına və qlobal əmək bazarında rəqabət üstünlüyü qazanmasına şərait yaradacaq.

Təhsil istiqamətində açılan Xüsusi pedaqogika, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil və Təhsildə sosial-psixoloji xidmət ixtisasları isə gələcəyin təhsil modelinə hesablanıb. Bu gün məktəblər hər bir uşağın fərdi inkişafını dəstəkləyə bilən, inklüziv təhsil prinsiplərini mənimsəyən, müasir tədris metodları və rəqəmsal texnologiyalarla işləməyi bacaran pedaqoqlara ehtiyac duyur. Yeni ixtisaslar məhz bu ehtiyacdan irəli gələrək məktəbdən əvvəlki dövrdən başlayaraq ümumi təhsil sisteminə qədər peşəkar və müasir düşüncəli müəllim kadrlarının hazırlanmasına xidmət edəcək.

Naxçıvan Dövlət Universitetinin əsas üstünlüklərindən biri də çoxprofilli ali təhsil müəssisəsi olmasıdır. Universitetdə tibb, mühəndislik, informasiya texnologiyaları, hüquq, iqtisadiyyat, təbiət elmləri, aqrar sahə, pedaqogika, incəsənət, turizm və humanitar istiqamətlər də daxil olmaqla müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Bu çoxşaxəli təhsil modeli universitetə cəmiyyətin və əmək bazarının fərqli ehtiyaclarına çevik cavab vermək imkanı qazandırır. 2026–2027-ci tədris ili üçün müəyyənləşdirilən yeniliklər də məhz bu inkişaf xəttinin davamıdır. Yeni ixtisasların açılması universitetin təhsil portfelini daha da zənginləşdirərək müxtəlif sahələr üzrə peşəkar mütəxəssis hazırlığını gücləndirir. Naxçıvan Dövlət Universiteti yalnız ayrı-ayrı istiqamətlər üzrə deyil, ölkənin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyan bütün əsas sahələrdə kadr hazırlığını təmin edən, elm, təhsil və praktik fəaliyyəti bir araya gətirən müasir universitet modelini formalaşdırmağı qarşısına məqsəd qoyur.

Bu gün NDU-nu seçən gənclər müxtəlif elmi istiqamətlərin, beynəlxalq əməkdaşlıqların və müasir təhsil imkanlarının bir araya gəldiyi geniş akademik mühitə qoşulurlar. Bu xüsusiyyət universiteti regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi fərqləndirir və onun inkişaf strategiyasının əsas dayaqlarından birini təşkil edir.

Atılan hər bir addım tələbələrin daha keyfiyyətli təhsil almasına, şəxsi inkişafına və uğurlu gələcəyinə hesablanıb. Məhz buna görə Naxçıvan Dövlət Universiteti bu gün həm də arzularını böyük hədəflərlə birləşdirmək istəyən gənclərin seçimidir. 2026–2027-ci tədris ili isə universitetin inkişaf tarixində yeni səhifə olmaqla yanaşı, minlərlə gəncin həyatında da yeni başlanğıcların təməlini qoyacaq.

Gülay Tahirli

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: