Türkiyədən olan nümayəndələrlə hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb - FOTOLAR

A- A A+

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektorunun müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, türkiyəli qonaqları salamlayan general-mayor G.Əbdülov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

General-leytenant B. Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Ordusunun keçdiyi uğurlu inkişaf yolunun digər ölkələr üçün əsl nümunə olduğunu qeyd edən Türkiyə MMU-nun rektor müavini əməkdaşlığın bundan sonra da “Bir millət, iki dövlət” devizi altında davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, peşəkar kadr heyətinin hazırlanması, eləcə də təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin vacibliyi diqqətə çatdırılıb, maraq doğuran bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

General-leytenant B.Aktaş xatirə kitabına ürək sözlərini yazdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: