Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirliyin kollektivi Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında salınmış “Nəbatat” bağını ziyarət edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov ziyarətçilərin diqqətinə çatdırıb ki, AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı 2003-cü ildə yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun göstərişi ilə bağ muxtar respublikanın ziyarət olunan muzeyləri siyahısına daxil edilib. “Nəbatat” bağının təcrübə sahəsi 13,2 hektardır. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq edilir. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimali Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur.
Burada da ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bitki növləri nümayiş etdirilir. “Nəbatat” bağının ərazisində nadir bitkilər kolleksiyası sahəsi də fəaliyyət göstərir. Burada Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki becərilir. Bundan başqa Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 ağac, kol və dekorativ bitkilərin növ tərkibi də öyrənilir.