Muxtariyyətdən öncəki Naxçıvan səhiyyəsi “Molla Nəsrəddin” jurnalında - FOTOLAR
- Ağa, mənim oğlum naxoşdu, bu saat ölüm halətindədi... Həyə inanmırsan, gəl, elə bu saat gedək öz gözlərinlə də gör ki, mən yalan demirəm. Niyə mənə nə olub, sinnimin bu vaxtında yalan deyim? Xeyr. Və bir də ki, yalan niyə deyirəm? Əgər yalan desəm, adam başıma qəhətdi? Bir adam tapa bilmirəm, gərək elə gəlib səni tovlayam? Allaha and olsun!”
“Danabaş kəndinin məktəbi” povestində Mirzə Cəlilin qüdrətli sənətkar qələmi ilə təsvir edilmiş bu epizodda “əsgərlik”, “məktəb” sözlərindən şübhələnərək oğlunu ağılagəlməyən yerdə gizlətmiş kəndli öz yalanını ən inandırıcı amillə körükləyir. Çünki belə cəmiyyətdə xəstələnmək, ölüm halətində olmaq ən inandırıcı faktdır. İyirminci əsrin əvvəllərində meydana gələn “Molla Nəsrəddin” jurnalını vərəqlədikcə ölkənin ozamankı epidemioloji durumu göz önünə bu şəkildə gəlir: Hər yan tüstüdür; məclislərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü. Millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata müntəzirdir.
- Kimdən?
- Hər bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan, hər bir bəni-növ bəşərə rəhmi gələnlərdən.
Jurnalın məzmunca romana bərabər olan karikaturalarının birində xəstənin başı üstündə dayanmış üzdəniraq həkim qatil kimi təsvir olunub. Bu mənzərəni görən Əzrail: - Pərvərdigara!-mən bu məmləkətdə daha sənə qulluq etmək istəmirəm,- deyə istefa verir. Çünki belə həkimlər olan yerdə daha əzraillik iş yoxdur.
Mirzə Cəlilin doğma vətəni Naxçıvandakı o dövrün mühiti isə jurnalın təqdimatında daha tünd boyalarla öz əksini tapır. Şəhər başdan-başa antisanitariya vəziyyətindədir. Hər tərəf toz-torpaqlı, zığ-palçıqlıdır. Şəhərin duma rəisi balaqlarını dizə qədər çirmələmiş halda dəvə üstündə evdən vəzifə yerinə-şəhər idarəsinə gedir. Uşaqlar ölü pişiyin quyruğuna ip bağlayıb sürüyür, dərsə gedən şagirdlərin dalına düşüb onları hoydu-hoyduya götürür. Hər yerdə sahibsiz it-pişik... Yeddi ildə bir dəfə xəzinəsinin suyu dəyişdirilən hamamın suyu iy verir, necə ki, Əziz Şərif jurnalın 1906-cı il 16-cı nömrəsində Ezop üslubunda Qızdırmalını Naxçıvana dəvət edir ki, buranın hamamlarında bir neçə gün çimsin, usta Cəfəri gətirdib gündə bir dəfə qan aldırsın, əgər gələ bilməsə, hamamın suyundan üç butulka göndərərəm, bu şərt ilə ki, hər gün sübh yuxudan ayılan kimi üç-dörd stəkan nahar qarına o sudan içə. Suyun rənginin sarı olmasına baxmasın, nə eyibi var, zəfəran da sarıdı, amma ətrinə bax. Allah şahiddir ki, Naxçıvan hamamlarının suyunun ətri zəfəran ətrindən güclüdür.
...Şəhərin təsvirini davam etdirək: Qabaqlarda həkimlər deyirdilər ki, şəhər natəmiz olanda orada çox azar-bezar olar. (elə indi də deyirlər) Əgər bu söz doğru olsa, bizim şəhərin kənar məhəllələrinin zir-zibilinin və murdarlığının bərəkətindən gərək şəhərdə yeddi min azar əmələ gələ idi və indiyə kimi bütün camaat ölüb qurtaraydı. Amma belə deyil. O qədər çirk və natəmizlik ki, dalda küçələrdə var, Təbriz şəhərində də bir o qədər yoxdur. (amma maşallah bir peysərlərə tamaşa elə) Əgər əcəl yalan olsaydı, şəhərin küçələrində bir dənə də salamat adam tapılmaya idi. ( “Molla Nəsrəddin”, 1922, №2) Həmin küçədə yerləşən bazarda türkəçarə dərmanlar satan qırmızısaqqal və mömin dükançı, təsbeh əlində müştəriyə deyir: “Dünən Xoydan mənə altmış put it qarası göndəriblər, hər kəs bir xörək qaşığı salıb içsə, hər dərdü-bəladan qurtarar və bundan başqa iki yüz pişik pətənəsi bu günlərdə gələcək, keçəlliyi, çibanı, qarayaranı, traxomanı o saat sağaldacaq”. Dükançı malının pula getməsi üçün müştərinin incə yerinə toxunmağı bacarır, çünki müştəri keçəldir. (“Molla Nəsrəddin” jurnalı, 1907-ci il, 12 avqust, №30). Jurnalın şifahi xalq ədəbiyyatından gətirdiyi örnəklərdə Novruz atributları Kosa və Keçəl də fiziki qüsurların daşıyıcısıdır.
“Molla Nəsrəddin” jurnalı milli genefondu təhlükə qarşısında qoyan belə bir səhiyyə sistemini gələcəyə qoyulmuş bomba hesab edir, elə ilk nömrəsindən başlayaraq ona qarşı amansız mübarizə aparırdı. Yeri gəlmişkən, maraqlı bir faktı da xatırladaq ki, jurnalın ilk nömrəsinin çıxdığı 7 aprel (yeni təqvimlə 20 aprel) tarixi həm də Ümumdünya Sağlamlıq Gününə təsadüf edir. Jurnalda insanları narahat edən, düşündürən mövzular arasında səhiyyənin özünəməxsus yeri vardı. Molla nəsrəddinçilər adı ətrafında birləşən M.Ə.Sabir, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Nəzmi və digərləri bir məfkurə altında xalqın, millətin yolunda müqəddəs iş görürdülər.
Çar Rusiyası dövründə müstəmləkə vəziyyətində olan Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan bölgəsində də iqtisadi və sosial gerilik, məişət və əmək şəraitinin aşağı səviyyədə olması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməməsi, ümumiyyətlə, sağlamlığı qoruyan dövlət sisteminin olmaması nəticəsində tez-tez ağır epidemiyalar baş vermiş, kütləvi ölüm halları olub. Təkcə 1904-cü ilin 3 ayı ərzində vəba epidemiyası nəticəsində Naxçıvan və Şərur qəzalarında 1674 nəfər bu xəstəliyə tutulmuş, onlardan 1286 nəfəri, yəni 76,2 faizi ölmüşdü. ("Naxçıvan ensiklopediyası", 2-ci cild, səh. 132)
Dövrün məşhur maarifpərvər ziyalısı olan ordubadlı Məhəmməd Tağı Sidqi yaranmış bu vəziyyətə görə qəzəbini cilovlaya bilməyərək yazırdı: "Bu vətən bir gülə bənzəyir ki, onun gülabını tikanlar sorur, bir məhbubəyə bənzəyir ki, əğyarın ağuşundadır... Ona havadarlıq etdik, bizi söydülər, xeyirxahlıq etdik, bizi bədnam etdilər... Vətən, vətən, nə vətəndir bu, tüf belə vətənin valilərinə".
Naxçıvandan Qurbanəli Şərifzadə Sidqini dəstəkləyərək davam edir: "Bu vətən zəif və əlacsız xəstədir ki, onun canı bir neçə cahil və nadan təbibin əlində qalmışdır. Heç kəs onun sağalacağına ümid etmir..."
Mirzə Cəlil "Buz" hekayəsində Naxçıvan şəhərində cəmi iki müsəlman həkiminin olduğunu bildirir. Onların da müalicəsi nəbzə baxandan sonra xəstəyə kinə, həb və işlətmə dərmanı verməkdən ibarət idi. Yenə kəndlərə baxanda, buna da min şükür! "Qızdırma müalicəsi" adlı felyetonda isə təbiblərin yeni bir dərman icad etdikləri bildirilir. O dərmanın adı alkoqoldur. Doktorlardan birinin özü qızdırmalı imiş, cibi də pulsuz. Dərddən şərab içib, bir də görüb ki, qızdırma-zad hamısı getdi işinə. Odur ki, qızdırması yaxınlaşanda vurub lül olur, qızdırmanın atasını yandırır. Odur ki, Cüvəllağı bəy jurnalın 1913-cü il 4-cü nömrəsində Naxçıvanda bir nəfər dostuna yazırdı:
Özgələr dərs oxuyur alimüfərzanə olur,
Özünə, millətinə, qövlü həkimanə olur.
Student olsa biri leyk bizim millətdə,
Ya qumarbaz, ya piyan,
Ya da ki divanə olur.
Belə mühitdə təcili tibbi yardımların müxtəlif peşə sahibləri tərəfindən yerinə yetirilməsi təəccüblü deyildi. "Dəllək" hekayəsində isə bu funksiyanı dəllək yerinə yetirir. O, uşağın burnundan qan açılmasının səbəbini bununla izah edir ki, atasının saç-saqqalı uzanıb. Elə bu andaca qırxılmasa, ayrı fəsadlar da baş verə bilər, peşmançılıq bir yerə çatmaz. Ekstremal şəraitdə saqqalını vurduran ata evə qayıtdıqda görür ki, oğlunun qanı çoxdan kəsib, uzun ağacdan at qayırıb minib. Həyəti o yana bu yana çapır və hərdən də at kimi kişnəyir.
Bütövlükdə, jurnalın demək olar ki, hər bir nömrəsində rast gəlinən səhiyyə mövzusu ən müxtəlif formalarda öz bədii və publisistik əksini tapır. Mövzuya dair çəkilən karikaturalarda tənqid birbaşa hədəfə ünvanlanır. Tədqiqatçılar "Həkim", "Təbabət elmindən", "Hamilə övrət", "Vəba", "Vəbanın vətəni", "Müalicə", "Səhiyyə işləri", "Məşhur xəstəliklər" və digər onlarla felyeton və karikatura ilə mövzunu daha da zənginləşdirə bilərlər.
Naxçıvanda səhiyyənin dövlət səviyyəsində təşkilatlandığı 1924-cü ildən sonra isə bu sahədə görülən işlər muxtariyyətin bəhrəsi kimi dəyərləndirilir. Məsələn, jurnalın 1926-cı il 13-cü nömrəsindəki "Vəlvələ"adlı felyetonda bildirilir ki, 18 nəfər türk (azərbaycanlı) qadını mamalıq dərsini qurtarıb şəhadətnamə alıblar.
Onlar Azərbaycanın qəzalarına, o cümlədən Naxçıvana dağılışanda vəlvələ törənəcək. Vəlvələyə düşənlər kim olacaq; əvvəla, küpəgirən qarılar. Səbəb budur ki, oxumuş, elm təhsil etmiş mamanı qoyub heç bir kəndli avam və nadan bir övrət xəlayiqini mamalığa çağırmayacaq. Məşədi və hacılar üzü açıq türk mamalarını görəndə deyəcəklər: Allah sizə lənət eləsin! Allah sizin toxumunuzu yer üzündən kəssin.
"Molla Nəsrəddin"in "Cümhuriyyət" məqaləsində vətəndaşlara, öz oxucusuna xitabı bütövlükdə cümhuriyyət və muxtariyyətə münasibətinin ifadəsi idi:
-Vətəndaşlar, əgər bizdə insanlıq hissi ölməyibsə, güman edirəm ki, ölməyib, o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: - Yaşasın cümhuriyyət!
Hüseyn Əsgərov
Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü