Sosial şəbəkələrdə 16 yaş həddi: dünya təcrübəsi nə deyir?

A- A A+

Rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi son illərdə dünyanın bir çox ölkəsində qanunvericilik təşəbbüslərinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu sahədə hüquqi tənzimləmələri gücləndirən ölkələr sırasına qoşulur.

Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesab açılması üçün minimum yaş həddinin 16 olması təklif edilir. Layihəyə görə, 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməyəcək. 16–18 yaş aralığında olan yeniyetmələr isə platformalardan yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə istifadə edə biləcəklər. Eyni zamanda platformalara uşaqların şəxsi məlumatlarının qorunması, zərərli məzmunun operativ silinməsi, kiberzorakılığın qarşısının alınması və təhlükəsiz istifadə mühitinin yaradılması ilə bağlı yeni öhdəliklər müəyyən edilir.

Qanun layihəsində yaşın təsdiqlənməsi mexanizmləri, valideyn nəzarətinin gücləndirilməsi, geolokasiya məlumatlarının məhdudlaşdırılması, manipulyativ dizayn elementlərinin azaldılması və uşaqların psixi sağlamlığına mənfi təsir göstərə biləcək məzmunun qarşısının alınması da nəzərdə tutulur.

Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin tətbiqi getdikcə genişlənir. Avstraliya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edib. Türkiyədə də 15 yaşdan kiçik uşaqların sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsü irəli sürülüb. Avropa İttifaqının bir sıra ölkələrində isə valideyn razılığı olmadan şəxsi məlumatların emalına dair yaş həddi əsasən 13–16 yaş arasında müəyyən edilir.

Mütəxəssislər bildirirlər ki, rəqəmsal platformalarda uzun müddət vaxt keçirmək uşaqlarda internet asılılığı, yuxu pozuntuları, diqqət dağınıqlığı, narahatlıq, depressiya, özünəinamın azalması və kiberzorakılığın yaratdığı psixoloji travmalar kimi problemlərə səbəb ola bilər. Bu baxımdan hüquqi tənzimləmələrlə yanaşı, valideyn nəzarətinin gücləndirilməsi, məktəblərdə rəqəmsal savadlılığın artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Ekspertlərin fikrincə, qəbul ediləcək yeni hüquqi mexanizmlər uşaqların rəqəmsal hüquqlarının müdafiəsini gücləndirməklə yanaşı, onların təhlükəsiz və sağlam informasiya mühitində inkişafına da töhfə verəcək.

Anar Tağıyev

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: