Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddə özbək dilində çap edilib - FOTOLAR

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) növbəti layihəsi əsasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddəki “Bilim və intellektual salohiyyat” nəşriyyatında özbək dilində çap edilib.

NUHÇIXAN xəbər verir ki, poemanı özbək dilinə Özbəkistanın Xalq şairi Camal Kamal tərcümə edib.

Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, rəyçisi Özbəkistanın tanınmış alimi, akademik Bəxtiyar Nəzərov, “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoru dosent Gülbahar Aşurovadır.

Qeyd edək ki, bundan əvvəl AMM-nin sifarişi ilə Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İsgəndərnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub.

Camal Kamalın tərcüməsində Nizami Gəncəvinin “Xəmsə“yə daxil olan “Yeddi gözəl” əsəri də özbək dilinə tərcümə edilib və bu ilin sonunadək çap ediləcək.

Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrində ucaldılan abidələrinin şəkilləri öz əksini tapır. “Xosrov və Şirin” kitabının üz qabığında isə şairin doğulduğu Gəncə şəhərində ucaldılan abidəsi verilib.

Özbək dilində çap olunan “Xosrov və Şirin” kitabında dünyanın müxtəlif muzey və kitabxanalarında əsərə aid saxlanılan nadir miniatürlərin rəsmləri də yer alır. Bunların arasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Britaniya Muzeyində, Rusiyanın Sankt-Peterburq şəhərindəki Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasında, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan əlyazmalardan götürülən miniatürlər var.

Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilir.

2019-cu ildə layihəyə bütövlükdə yekun vurulacaq və dahi şairin bütün əsərləri özbək dilində oxucuların istifadəsinə veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: