NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin əməkdaşları Zülfüqar Zülfüqarov və İqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun ABŞ-da nəşr edilən beynəlxalq “SciTech Central” elmi-araşdırmalar jurnalında məqalələri dərc edilib. İngilis dilində yayımlanan “Thecastle of Alinja: Machu Picchu of Azerbaijan. Rooftourismin Nakhchivan” (Azərbaycanın Maçu-Piççusu Əlincəqala. Naxçıvanda zirvə turizmi) məqaləsində müəlliflər qədim Əlincəqala haqqında amerikalı oxuculara geniş məlumat veriblər. Əmir Teymura qarşı 14 il müqavimət göstərən qalanın Azərbaycan tarixində yeri, coğrafi mövqeyi, ərazisi, 2016-cı ildə yenidən bərpa edilməsi və bu gün dağ turizmində tutduğu xüsusi mövqe yazıda yer alıb. “Görənlər bu qalanı Perudakı Maçu-Piççu ilə müqayisə edirlər. Amma o da faktdır ki, Maçu-Piççu 16-cı əsrdə inşa edilib. Əlincəqalanın tarixi isə Perudakı bu qaladan min il öncəyə gedib çıxır”- deyə məqalədə məlumat verilir. Yazıda həmçinin ekstremal dağ turizmi həvəskarlarının Əlincəqalada unudulmaz anlar yaşayacağı diqqətə çatdırılır və zirvə turizminin əhəmiyyəti vurğulanır.
Qeyd edək ki, ABŞ-ın beynəlxalq “SciTech Central” elmi-araşdırmalar jurnalı turizm və hotel biznesi istiqmətində yazılar dərc edilən nüfuzlu dərgidir.