“Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə hər iki ölkənin Dövlət Himnləri səsləndirildikdən sonra Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda universitetin rektoru Saleh Məhərrəmov iştirakçıları salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağında belə bir konfransın keçirilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.
Sonra Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açaraq əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.
AMEA Naxçıvan Bölməsinin Sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev“Türkiyə-Naxçıvan diplomatik əlaqələri: tarixdə və günümüzdə” mövzusunda çıxış edib.
İğdır universitetinin rektoru, professor Mehmet Hakkı Alma Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açaraq əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb. Rektor 2019-cu ilin 19-21 oktyabrında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən simpoziumun keçiriləcəyini bildirib. Nəzərə çatdırılıb ki, simpozium Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına dəstək məqsədini daşıyacaq.
İğdır Universitetinin dosenti Cengiz Atlı “Həsrət qapısının açılışının iki ölkə münasibətlərindəki önəmi” və Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Sevinc Abbasova “Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı əlaqələr: ali səviyyəli görüşlər və nailiyyətlər” mövzularında çıxış ediblər.
Konfrans Naxçıvan –Türkiyə ictimai-siyasi əlaqələri, Naxçıvan-Türkiyə sosial-iqtisadi əlaqələri, Naxçıvan-Türkiyə mədəni əlaqələri adlı 3 bölmə iclasları ilə davam edib.
Səadət Əliyeva