Bakıdan Avrasiyaya Uzanan Yol: Ursula fon der Lyayenin Səfərinin Geosiyasi Mesajları

A- A A+

Avrasiyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni iqtisadi və nəqliyyat marşrutlarına ciddi ehtiyacın yarandığı bir dövrdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri xüsusi diqqət çəkir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın Avropa ilə Asiya arasında yeni geostrateji körpü kimi mövqeyinin daha da möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirilir. 

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması, ənənəvi nəqliyyat marşrutlarının risklərlə üzləşməsi və Mərkəzi Asiyanın artan iqtisadi əhəmiyyəti Avropa İttifaqının Cənubi Qafqaza marağını əhəmiyyətli dərəcədə artırıb. Bu kontekstdə Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, Avropa ilə Asiyanı birləşdirən strateji bağlantı mərkəzi kimi çıxış edir. 

Ursula fon der Lyayenin Bakı səfəri zamanı səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər də məhz bu reallığın təsdiqidir. Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına yönəlmiş “Sülh vasitəsilə bağlantı” təşəbbüsü çərçivəsində regiona 200 milyon avroya qədər qrant ayırmağa hazır olduğunu bəyan edib. Bu vəsait hesabına ümumilikdə 2 milyard avroya qədər investisiyanın cəlb olunması nəzərdə tutulur. Layihələr sırasında Naxçıvan dəmir yolu xəttinin inkişafı və Bakı limanının imkanlarının genişləndirilməsi kimi strateji istiqamətlər də yer alır.  

Əslində, bu qərar Avropa İttifaqının regiona baxışında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Əgər əvvəlki dövrlərdə Brüssel üçün Azərbaycan əsasən enerji tərəfdaşı hesab olunurdusa, bu gün ölkəmiz nəqliyyat, logistika, rəqəmsal kommunikasiya və regional sabitlik məsələlərində də mühüm tərəfdaş kimi qəbul edilir. 

Səfərin diqqətçəkən məqamlarından biri də Avropa İttifaqının Azərbaycanla yeni Bağlantı Tərəfdaşlığının yaradılmasını gündəmə gətirməsidir. Bu tərəfdaşlıq nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Bu isə Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin qurulmasında açar ölkə kimi qəbul olunduğunu göstərir. 

Müasir geosiyasətin əsas xüsusiyyətlərindən biri dəhlizlərin əhəmiyyətinin sürətlə artmasıdır. Əgər XIX və XX əsrlərdə dövlətlərin gücü əsasən hərbi və sənaye potensialı ilə ölçülürdüsə, XXI əsrdə tranzit imkanları, logistika marşrutları, enerji xətləri və məlumat axınlarına nəzarət strateji üstünlük amilinə çevrilib. Bu baxımdan Orta Dəhliz Avrasiyanın yeni iqtisadi arteriyası kimi formalaşır. 

Azərbaycan bu dəhlizin mərkəzi həlqəsi olmaqla Avropa üçün Mərkəzi Asiyaya çıxışın ən etibarlı marşrutlarından birini təmin edir. Məhz buna görə Avropa İttifaqı son dövrlərdə Trans-Xəzər marşrutunun inkişafına xüsusi diqqət ayırır və onu gələcək onilliklərin əsas iqtisadi layihələrindən biri hesab edir. 

Bu proseslər fonunda Türk Dövlətləri Təşkilatının rolu da artır. Vaxtilə əsasən mədəni-humanitar əməkdaşlıq platforması kimi qəbul edilən təşkilat bu gün Avrasiya məkanında nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın mühüm sütunlarından birinə çevrilməkdədir. Avropa İttifaqı da artıq Türk dünyasına yalnız tarixi və mədəni birlik kimi deyil, həm də geoiqtisadi reallıq kimi baxmağa başlayır. 

Bu baxımdan Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan həm Avropa İttifaqı, həm Türkiyə, həm də Mərkəzi Asiya dövlətləri ilə eyni vaxtda əməkdaşlıq edən nadir ölkələrdəndir. Ölkəmiz faktiki olaraq Avropa ilə Türk dünyası arasında strateji körpü funksiyasını yerinə yetirir. 

Naxçıvanın perspektivləri də bu kontekstdə ayrıca diqqətə layiqdir. Təsadüfi deyil ki, Avropa İttifaqının yeni təşəbbüslərində Naxçıvan dəmir yolu layihəsi xüsusi qeyd olunur. Naxçıvan gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi və logistika əlaqələrinin mühüm qovşaqlarından birinə çevrilə bilər. Bu, həm regionun iqtisadi inkişafına, həm də Türk dünyasının inteqrasiyasına əlavə təkan verəcəkdir. 

Bütün bunlar onu göstərir ki, Ursula fon der Lyayenin Bakı səfəri sıradan diplomatik hadisə deyil. Bu səfər Avropa İttifaqının Cənubi Qafqaza, xüsusilə isə Azərbaycana münasibətində yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycanın Avrasiyanın enerji, nəqliyyat və bağlantı xəritəsində tutduğu mövqe getdikcə güclənir və ölkəmiz regionun deyil, bütövlükdə Avrasiya məkanının əsas geostrateji mərkəzlərindən birinə çevrilir. 

Bu gün Bakı artıq təkcə enerji paytaxtı deyil. Bakı Avropa ilə Asiyanı, Şərqlə Qərbi, Xəzərlə Aralıq dənizini birləşdirən yeni geoiqtisadi məkanın mühüm qərar mərkəzlərindən biri kimi formalaşır. Ursula fon der Lyayenin səfərinin əsas siyasi və geosiyasi mesajı da məhz bundan ibarətdir.

Azad Novruzov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: