Gömrük əməkdaşları üçün xidmətin təkmilləşdirilməsinə dair təlimlərə başlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Gömrük sistemində peşəkar inkişaf proqramının həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə muxtar respublika gömrük əməkdaşları üçün xidmətin təkmilləşdirilməsinə dair təlimlərə start verilib.   

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə gömrük orqanlarında həyata keçirilən genişmiqyaslı infrastruktur və struktur islahatlarından danışıb.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə birgə keçirilən təlimlərin məqsədi gömrük orqanı əməkdaşlarının praktik bacarığının artırılmasından, xidmətin keyfiyyətinin yüksəldilməsindən, işə daha məsuliyyətli yanaşmanın təmin edilməsindən ibarətdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov təlimlərin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, qarşıda duran əsas hədəflərdən biri gömrük işi sahəsində müasir inkişafa, yeniliklərə tez bir zamanda uyğunlaşmaq, rahat və təhlükəsiz gömrük modeli formalaşdırmaqdır. Akademiya rəisi təlim çərçivəsində əldə edilən bilik və bacarıqların, praktik vərdişlərin gündəlik iş fəaliyyətində yararlı olacağına əminliyini ifadə edib.

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Fikrət Ələsgərli gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində praktik biliklərinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri də iştirak edib.

Qeyd edək ki, muxtar respublika gömrük orqanları üzrə ilk dəfədir keçirilən təlimlərə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasından müəllimlər də dəvət edilib. İki həftə davam edəcək təlimin tədris proqramında gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən, texniki nəzarət vasitələrindən praktik istifadənin təmin edilməsi, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə biliklərin artırılması, gömrük orqanlarında  nəqliyyat vasitələrinin yoxlanılması qaydalarının praktik olaraq göstərilməsi, etik davranış qaydalarının izahı və iş prosesində qarşıya çıxan digər mühüm məsələlər öz əksini tapıb. Təlim müddətində nəzəri və praktik məşğələlərin təşkili, sonda isə dəyərləndirmə aparılması nəzərdə tutulub.

                                                                            Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: