Naxçıvanlı gənc Türk Şurası Gənc Liderlərinin ikinci Forumunda iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türk Şurası Gənc Liderlərinin I Forumu 25-28 noyabr 2018-ci il tarixlərində Naxçıvanda təşkil edilib. 5 dekabr 2018-ci il tarixdə Qazaxıstanda keçirilən Türk Şurasına daxil olan dövlətlərin gənclər və idman nazirlərinin toplantısında I Forumun yüksək səviyyədə təşkil edildiyi qeyd edilmiş və II Forumun Qazaxıstanda keçirilməsi qərara alınmışdı.
22-26 aprel tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Şurası Gənc Liderlərinin II Forumu keçirilib və Türk Dünyası gənclərinin Mədəniyyət və İncəsənət Festivalının açılışı olub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşlarından və gənclər təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin də təmsil olunduğu forumda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli iştirak edib.
Tahir Məmmədli forumda çıxış edərək Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan gənclərinin iştirak etdiyi tədbirdə ortaq tarix, mədəniyyət, dil, təhsil, idman, gənclik və digər sahələrdə birgə fəaliyyət haqqında danışıb, bu sahələrdə gənclərin sosial şəbəkələrdəki fəallığından, şuraya üzv olan ölkələrdə gələcəkdə müxtəlif festivalların, intellektual və idman yarışlarının keçirilməsinin zəruriliyindən bəhs edib. O, həmçinin 2018-ci ildə Naxçıvanda keçirilən Türk Şurası Gənc Liderlərinin I Forumunun əhəmiyyətindən danışıb və həmin Forum zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinin Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü bir daha iştirakçıların diqqətinə çatdırıb.
Qeyd olunub ki, Türk Şurasının yaradılmasının 10 illiyi ərəfəsində bu Forumun keçirilməsi gənclərin əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addımdır. Bu istiqamətdə müzakirələrin aparılması və mövcud potensialın qurumun prioritet məsələlərinin həlli istiqamətində səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətlərinin iştirakı ilə keçirilən forum qardaş ölkələrimiz arasında əməkdaşlığın inkişafında öz töhfəsini verəcəkdir.