NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə tədbir keçirilib.
Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov Ali Məclis Sədrinin müvafiq ixtisasların hamiliyə verilməsi və innovasiyaların dəstəklənməsi ilə bağlı sərəncamından danışıb. Bildirib ki, bu Sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradacaq. Vurğulanıb ki, ali təhsil ocağında layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasına başlanılıb və tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu və təqdimatların keçirilməsi öhdəliyi bu mərkəzlər tərəfindən idarə olunur.
Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis-polkovniki Rəşad Seyidov bildirib ki,məlum sərəncamla universitetin Hüquq ixtisası digər hüquq-mühafizə orqanları ilə yanaşı Daxili İşlər Nazirliyinin də hamiliyinə verilib. Qeyd edilib ki, düşünülmüş ideyalara söykənən startap layihələrin tətbiqi muxtar respublikada iqtisadiyyatın, səhiyyənin, turizmin və digər sahələrin inkişafı deməkdir. Nəzərə çatdırılıb ki, hər bir layihə hazırlanarkən ölkə qanunvericiliyinə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyə ciddi əməl olunmalıdır.
Nazirliyin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Əliyev, İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik tədqiqatlar bölməsinin baş kriminalist-təhqiqatçısı, polis-mayoru Mirhəsən Seyidli nazirliyin iş strukturu, kriminalistika sahəsində istifadə olunan üsullardan söhbət açıblar.
Çıxış edənlər startap layihələrinin önəmindən, cəmiyyətə faydasından danışıblar.
Səadət Əliyeva