Azərbaycan xalqı dünya mədəniyyətinə zaman-zaman bir sıra qüdrətli sənətkarlar bəxş etmişdir. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzələddin Xaqani kimi klassik şairlər öz sağlığında belə geniş şöhrət qazanmışlar. Bu şairlər öz əsərlərini fars dilində yazmağa məcbur olsalar da sonrakı dövr ədəbiyyatımız üçün böyük zəmin yaratdılar. İzzəddin Həsənoğlunun, Qazi Bürhanəddinin şeirləri, müəllifi bilinməyən “Dastani-Əhməd Hərami” poeması, fars və Azərbaycan dilində gözəl əsərlər yazan sufi şair Şah Qasım Ənvarın poeziyası anadilli şeirimizin inkişafına güclü təsir göstərdi.
Anadilli şeirimizin inkişafında misilsiz xidmətlər göstərən qüdrətli şairlərimiz içərisində İmadəddin Nəsiminin yeri və rolu əvəzsizdir. Böyük şair və mütəfəkkir İmadəddin Nəsimi ədəbiyyat tariximizdə anadilli fəlsəfi şeirin əsasını qoymuş, məhəbbət və gözəllik nəğməkarı kimi şöhrət qazanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları ölməz şairin yaradıcılığına böyük sevginin bariz ifadəsidir.
Seyid Əli İmadəddin Nəsimi Şamaxıda anadan olmuşdur. O, ilk şeirlərini “Seyid”, ”Hüseyni” və “Nəsimi” təxəllüsləri ilə yazmışdır.
Azərbaycan poeziyası tarixində Nəsimi siyasi-fəlsəfi şeirin ilk böyük nümayəndəsidir. Onun əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir, fikir, mühakimə hissə, duyğuya üstün gəlir:
Cananə mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.
Nəsimi dövründə hürufilik bir məslək, əqidə, dünyagörüşü kimi geniş yayılmışdı. İnsana yeni münasibət, yeni insan anlayışı onun əsasında dururdu. Öz kökü ilə xalqa bağlı olan bu təriqət xalqın ruhunu, ictimai-siyasi görüşlərini, həyata münasibətini əks etdirirdi. Sufizmdə məhəbbətə, hürufilikdə isə ağıla üstünlük verilirdi. Hürufilərə görə ağıl ilə kainatı, təbiəti və insanı dərk etmək mümkündür. Ağılın əsasında da səs, söz və hərflər durur. Nəsimidə hərflər və rəqəmlərin bu mənada öz aləmi vardır.
İnsan öz idrakı ilə “mənəm allah” məqamına yüksələ bilər. Bu baxımdan Nəsiminin:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam, -
beyti ilə başlayan şeiri çox ibrətamizdir.
Nəsimi maddi və mənəvi cahanları öz varlığında birləşdirən insanın bu cahana sığmamasını iki dünyanın bir dünyaya sığmaması və insanın məkansız gövhər olması ilə əsaslandırır. Bu dünyaya sığmayan insanın cismi, bədəni deyil, ağlı və idrakıdır. İnsan cismən yox, mənə və ruhən öz dünyasına sığmır və allahlıq səviyyəsinə yüksəlir:
Ərşlə fərşü kafü nun, məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam.
Bütün canlılardan fərqli olaraq insan xəyalı kainatı, ayı, günəşi gəzib-dolaşır və öz yaradıcısı ilə vəhdət yaradır. Cismən yerdə yaşayan insanın fikir və xəyalının sabit yeri yoxdur, daha doğrusu, o məkansızdır, yersizdir, öz dünyasından çox-çox uzaqlarda qanad çalır, allah kimi hər yerdə mövcuddur.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Şair “insan Allahdır” – deyəndə, əlbəttə ki, bunu nəzərdə tuturdu.
Bu şeir Azərbaycan ədəbiyyatı tarixində Nəsimi tərəfindən ilk dəfə rəcəz bəhrində yazılmışdır. Rəcəz – döyüş şeiri, hərbə-zorba və hərbi marş deməkdir.
Biz bu ruhu şairin məşhur “Ağrımaz” qəzəlində də açıq-aydın şəkildə görürük:
Canə sən candan nə kim gəlsə, cigərlər ağrımaz,
Həq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar ağrımaz.
İnsanın özünüdərki Nəsimi yaradıcılığında xüsusi yer tutur. O, özündən əvvəl yaşamış böyük türk şairi, sufi şair Yunus İmrə yaradıcılığından da bəhrələnə bilmişdir. Şairə görə insan əqli-mənəvi yüksəliş mərhələlərinə qovuşmalıdır. Yəni şəriət, təriqət, mərifət və həqiqət mərhələlərindən keçib gedən insan müdriklik səlahiyyəti qazanır, haqqa qovuşur, həqiqəti arayıb tapır. Böyük türk şairi Yunus İmrə də “Məni məndə demə...” şeirində deyirdi:
Şəriət, təriqət yoldur gedənə,
Həqiqət meyvəsi ondan içəri.
Məni məndə demə: məndə deyiləm
Bir mən vardır məndə məndən içəri.
Süleyman quş dilin bilir, dedilər,
Süleyman var Süleymandan içəri.
İmadəddin Nəsimi də Yunus İmrə kimi kamillik mərhələsinə qovuşmuşdu, ağlı, zəkası ilə uca bir mərtəbəyə çatmışdı:
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
Nəsiminin qəzəlləri öz dili, axıcılığı baxımından XV əsr Azərbaycan şeiri üçün çox səciyyəvi bir şeir dili idi.
Dilbəra, mən səndən ayru ömrü, canı neylərəm?
Tacü təxtü, mülkü malü, xanimanı neylərəm?
Ey müsəlmanlar, bilin yar ilə xoşdur bu cahan,
Mən ki yardan ayrı düşdüm , bu cahanı neylərəm?
Nəsiminin qəzəlləri kamil, bitkin, obrazlı şeir nümunələridir. Şair bədii ifadə vasitələrindən elə böyük məharətlə istifadə edir ki, bu qəzəlləri oxuyan, dinləyən hər bir kəs uzun müddət bu şeirlərin gözəl təsirindən qurtara bilmir. Hər şeir, hər bir qəzəl oxucunu ovsunlayır. Oxucu uzun müddət bu şeirlərin təsiri ilə yaşayır:
Gülü-tərdən gəlicək, arizinə ma tökülür,
Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.
Necə kim, cəhd edirəm zülfünün vəsfini yazım,
Qələmin dili ucundan qamu sevda tökülür.
Ləblərindən düşücək Misrə xəbər, əttarın
Qutusundan dünü gün qənd ilə həlva tökülür.
Nəsiminin ana dilində yazdığı şeirlərində bədii ifadə vasitələri canlı dilimizin özü kimi gözəldir. Hər bir söz böyük poetik yük daşıdığı üçün şairin şeirləri də bulaq suyu kimi saf və şəffaf görünür:
Üzünü məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil.
Nəsimidə olduğu kimi Şah İsmayıl Xətaidə də “Etməgil” adlı bir qəzəl var. Bu isə onu göstərir ki, Nəsimi Məhəmməd Füzuliyə də, Şah İsmayıl Xətaiyə də açıq-aydın təsir göstərmiş, bu dahi şairlər Nəsimi irsindən bəhrələnə bilmişlər:
Ey sənəm, yüzində müşkin zülfünü dağıtmagil,
Bağrımın yüz dağı üstə bir dəxi dağ etməgil.
Ey pəri, aşiqlərin divanə qılma könlünü,
Aşiqin Məcnun misali məsgənin dağ etməgil.
Ey məsiha, bəndəni kuyində yad et bir nəfəs,
Bu Xətainin yerin hicrində torpaq etməgil.
Nəsiminin yuxarıdakı qəzəli ilə Şah İsmayıl Xətainin aşağıdakı qəzəli arasında da ruh yaxınlığı açıq-aydın şəkildə görünməkdədir:
Qızılgül, bağı-bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Xətai çün can ilə səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?
Məhəmməd Füzulinin məşhur bir qəzəlində Nəsiminin təsiri aydın şəkildə görünür.
Nəsimi yazır:
Canımı qıldım fəda şol dilbərin didarına,
Aşiq oldur canını qıldı fəda cananına.
Füzuli isə belə deyir:
Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli - canan etməsin hər kim ki, qıymaz canına.
Canını canana verməkdir kamalı aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
Nəsiminin dillər əzbəri olan onlarla, yüzlərlə gözəl qəzəlləri var ki, bu əsərlərdə şeirin bütün gözəllikləri, kamillikləri bir zərgər dəqiqliyi ilə qorunub saxlanılır. Ona görə də Nəsimi qəzəlləri yüz illər ötüb keçsə də öz gözəlliyini, təravətini qoruyub saxlaya bilmişdir:
Ey müsəlmanlar, mədəd ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Qəzəldən göründüyü kimi şair ruhun bədəndən ayrılmasını, ciyər yandıran ayrılıq odunun əlacsız olduğunu bir daha bəyan etməklə ölümün mümkünsüz olduğunu vurğulayır.
Nəsimi bir şair kimi ana dilimizin bütün imkanlarından ustalıqla istifadə edə bilmişdir. Nəsiminin şeirlərində axıcılıq var, ritm var, musiqi var. Eyni zamanda Nəsimi ana dilimizin geniş poetik imkanlarından istifadə edərək cinas sözlərdən şeirlərində bacarıqla istifadə edərək dilimizi yeni sözlərlə daha da zənginləşdirmişdir:
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alini gör nə al edər, kimsə irişməz alinə.
Dilə bələd olan, o dildə nadir sənət nümunələri yaradan şair ancaq sözdən belə bacarıqla istifadə edə bilərdi.
Başqa bir qəzəlində də Nəsimi “al” sözünü sıra ilə işlətməklə şeirə xüsusi bir gözəllik qata bilir:
Alına vermişə könül, ali çox alə düşməsin,
Yanağının qızıl gülü üstünə jalə düşməsin.
Dahi şair Məhəmməd Füzulinin sözləri ilə desək, Nəsiminin “şeir fəziləti də ayrı bir elmdir”.
Nəsimi bir poeziya günəşi kimi 650 ildir öz nuru ilə Şərq və türk müsəlman aləmini işıqlandırır.
Şair Əli Kərimin sözləri ilə desək:
Altı yüz ildir bəşər
İnildər, çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə!
Bu sətrlərin müəllifi də Nəsiminin “Sığmazam” qəzəlinə təxmis yazmışdır. Çalışmışıq ki, Nəsiminin həmin qəzəlinin ruhunu saxlayaq:
Mən zamandan ucadayam, vaxta, zamana sığmazam,
Şəkər dilim, bal sözümlə pətəyə, şana sığmazam.
Ruhum cövlan edir göydə, deyir bir canə sığmazam
“Məndə sığar iki cahan, mən bu cahanə sığmazam
Gövhəri laməkan mənəm, kövnü – məkanə sığmazam.”
Bir damlayam – ümmanlar da qətrələrsiz deyil mümkün,
Açılarmı ipək sapa fələk vuran qara düyün?
Bir – birinin həsrətiylə dünya gəzir Ay ilə Gün.
“Ərşlə fərşü kafü – nun məndə bulundu cümlə çün
Kəs sözünü və əbsəm ol–şərhü bəyanə sığmazam.”
Həqqi buldum – həqq söylərəm, mən də haqqın aşiqiyəm,
Həqiqətin carçısıyam, haqqı öyən mərd kişiyəm,
Asim, de ki, bir az sufi, bir azca da hürifiyəm,
“Gərci bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.”
ASİM YADİGAR
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri