Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirliyin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyini ziyarət ediblər.
Bildirilib ki, muzey 1966-cı ildə yaradılıb. Amma muzeyin açılışı 1967-ci il iyun ayının 12-də olub. Həmin il yazıçı-dramaturq “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyi ölkə səviyyəsində qeyd olunduğu üçün muzeyə böyük mütəfəkkirin adı verilib.
İlk günlərdə muzeydə 98 eksponat var idisə, hazırda onların sayı 20 mindən çoxdur. 3 zaldan ibarət muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Muzeyin əsas missiyası qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir.
Ekspozisiyada klassik Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilib.
Nazirliyin kollektivinə muzey materialları barədə ətraflı məlumat verilib. Ədliyyə işçilərinə ekspozisiyada olan görkəmli ədəbiyyat ustalarına məxsus yaradıcılıq nümunələri, eyni zamanda Naxçıvan torpağının yetirməsi olan ədəbiyyatçıların yaradıcılığı haqqında ətraflı məlumat verilib.