Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Əsasi mühitdə Naxçıvanın təbii seolitinin modifikasiyası” başlıqlı məqaləsi bu günlərdə dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer”də onlayn satışa çıxarılıb.
Həmyerlimizin məqaləsi cari ilin yanvar ayında Moskva Universitetinin yüksək elmi dəyərə malik orijinal əsərlərin dərc olunduğu Moskva Universitetinin Xəbərlər jurnalının Kimya bölümünün 74-cü cildində rus dillində işıq üzü görüb.
Adı çəkilən nəşriyyat tərəfindən ingilis dilinə tərcümə edilən məqalə Naxçıvan seolitinin kimyəvi emalına həsr olunub. Mövcud olan 250-yə yaxın təbii və sintetik seolitlərin içərisində bəziləri sənaye əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, müasir analiz metodlarından istifadə etməklə kimyaçı alim apardığı tədqiqat işində Naxçıvan Muxtar Respublikasının təbii mineralı-seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, aqressiv mühitə davamlılığı, ion-mübadilə xassələrini öyrənib, seolitlərə xas olan quruluş kəmiyyətlərini hesablayıb. Təbii seolitlərin quruluşlarını, tərkibini, fiziki-kimyəvi xassələrini, təsnifatı və nomenklaturasını, tətbiq sahələrini araşdırıb. Aparılan tədqiqatlarda da təbii Naxçıvan seoliti əsasında müxtəlif quruluş tipli seolitlər və alümosilikatlar alınıb. Alınan seolitlərin içərisində klinoptilolit, fojazit, şabazit, analsim, fillipsit və digərləri sənaye əhəmiyyətinə malikdirlər. Nəticədə müəyyən olunub ki, təbii Naxçıvan seolitinin həm özünü, həm onun kimyəvi emalının məhsullarını bu və ya digər istiqamətlərdə tətbiq etmək olar.
Naxçıvan seolitinin kimyəvi emalından bəhs edən sözügedən elmi məqalə http://link.springer.com/article/10.3103/S0027131419010085 linkində öz əksini tapıb.