Vətənpərvər istifadəçilər bu imkandan doğulduqları ölkəni qaralamaq üçün deyil, erməni yalanlarının ifşası üçün istifadə edirlər
İnternet əsrinin yeni trendlərindən biri məhz sosial şəbəkələrdir. Sosial şəbəkələrin yaranması və kütləviləşməsi ilə informasiya mübadiləsi və müharibəsi yeni müstəviyə qədəm qoydu. Hər bir sosial şəbəkə istifadəçisi öz ölkəsinin maraqlarını müdafiə edir, öz mədəniyyətini təbliğ etməyə çalışır. Bəzən isə biz bunun əksi müşahidə olunur.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın sosial şəbəkə fəalları, xüsusən də media mənsubları təkcə məişət mövzularında deyil, siyasi mövzularda da fəallıq nümayiş etdirirlər. Onlar sosial şəbəkələrdə müxtəlif xarici dillərdə Azərbaycan əleyhinə paylaşılan statuslara şərhlər yazaraq, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışırlar. Xüsusilə də bədnam qonşularımızın erməni diasporunun nəzarətində olan saytlarda yaydıqları yalan və böhtanlara dərhal reaksiya verir, işğalçıların iç üzünü açırlar. Misal üçün, Ermənistanın təşkilatçılığı ilə Kolumbiya Universitetində keçiriləcək beynəlxalq konfransla bağlı paylaşıma azərbaycanlı sosial şəbəkə istifadəçisi "Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nurlan Qələndərli dərhal reaksiya verib. O, Ermənistanın müstəqil dövlət olmadığını, bu ölkənin müxtəlif dövlətlər və siyasi dairələrdən asılı olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistanın əsas siyasəti işğaldır və bu işğalçı ölkə Azərbaycan torpaqlarını işğal edib. AZƏRTAC-ın əməkdaşı Vəfa Quliyeva isə Ermənistanın yeni baş naziri Paşinyanın müəyyən dairələrin maliyyə dəstəyi ilə hakimiyyətə gəldiyini yazıb. O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda şəffaf və azad seçkilər keçirilib, demokratik pozuntular qeydə alınmayıb və xalq öz prezidentini demokratik yolla seçib. O, Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın hər yerindən təbrik məktubları gəldiyini, bununla da beynəlxalq aləmdə Azərbaycanda keçirilən seçkilərin şəffaflığına şübhə edilmədiyini xatırladıb.