Ramin Məmmədov Vatikan arxiyepiskopuna Azərbaycandakı multikultural dəyərlər barədə məlumat verib

A- A A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.

Bu barədə NUHÇIXAN-a Dini Komitədən məlumat verilib.

Görüş zamanı qeyd olunub ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir.

İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu mühüm rol oynayıb. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan-Vatikan əməkdaşlığının yeni məzmunla zənginləşməsinə şərait yaradıb.

Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması, dini və tarixi abidələrin bərpası, eləcə də sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələrin dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Ramin Məmmədov bildirib ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri üçün qarşılıqlı hörmət əsasında birgəyaşayış mühitinin qorunması, multikultural dəyərlərin yaşadılması və bu sahədə formalaşmış təcrübənin beynəlxalq müstəvidə tanıdılması priroritet istiqamətlərdən biridir.

Azərbaycan ilə Vatikan arasındakı yüksəksəviyyəli tərəfdaşlıq humanitar əməkdaşlığın möhkəmlənməsinə, dinlərarası dialoqun təşviqinə və yeni birgə təşəbbüslərin reallaşdırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan birbaşa təmasların davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, dini müxtəlifliyə əsaslanan tolerantlıq mühitinin qorunması istiqamətində həyata keçirilən siyasət barədə təəssüratlarını bölüşüb. O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını qeyd edərək, humanitar, elmi və mədəni sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Səmərəli fikir mübadiləsi şəraitində keçirilən görüşdə Azərbaycan-Vatikan diplomatik əlaqələrin 35 illiyi münasibətilə planlaşdırılan tədbirlər, həmçinin Vatikanın müvafiq qurumları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihələri barədə müzakirə aparılıb.

Qeyd edək ki, görüşdə Vatikan Apostol Arxivinin prefekti Don Roko Ronzani, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov da iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: