Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan şəhər 2 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib. Oyundan əvvəl qeyd edilib ki, məqsəd uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Bundan başqa, intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq uşaqların əqli qabiliyyətinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi, intellektual oyunların kütləviliyinin artırılmasıdır. May ayında “Ağıllı uşaq” əyləncəli intellektual oyununun Naxçıvan şəhər birinciliyinin yarımfinal və final mərhələləri keçiriləcək.
İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar düyməyə basmaqla 30 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırıblar.
Ümumi nəticəyə əsasən “Payız” komandası I, “Yaz” komandası II , “Qış” və “Yay” komandaları III yerlərə çıxıblar. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman, rəngli kitablar və pazllar hədiyyə olunub. 20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər birliyinin birgə təşkilatçılığı ilə keçirilib. İntellektual oyun Gənclər və İdman Nazirliyinin sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.