Ümumdünya Şokolad Günü (World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd olunub.
NUHÇIXAN xəbər verir ki, bu gün qısa müddətdə məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda qeyd edilməyə başlanılıb. Çox sevilən şokoladın və kakao ağacının vətəni isə Mərkəzi və Cənubi Amerikadır.
Əvvəllər içki kimi istehlak edilən bu şirniyyatın adı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Onlardan birinə görə, "şokolad" sözü qədim asteklərin "xocolatl" sözündən yaranıb və kakao paxlasından hazırlanan içkini ifadə edir. Bu söz "acı su" mənasını verir. Avropada şokoladın "qara qızıl" adlandırılması isə ispanlara məxsusdur.
Şokoladın tarixi təxminən 3 min il əvvələ gedib çıxır. Təxminən eramızdan əvvəl 1500-cü illərdə Meksika körfəzi sahillərində formalaşan sivilizasiyanın nümayəndələrinin "kakao" sözünü "kakava" kimi tələffüz etdikləri ehtimal olunur.
Şokolad dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyatlardan biri hesab edilir. Statistikaya görə, 20 yaşlı gənclərin əksəriyyəti ağ şokolada üstünlük verir. Şokoladın tərkibində olan feniletilamin maddəsinin insanda sevgi və xoşbəxtlik hisslərini gücləndirdiyi bildirilir.
Şokolad A, B, C, D və E vitaminləri, həmçinin kalsium, kalium və natrium kimi minerallarla zəngindir. Kakao və şokolad müəyyən antiseptik xüsusiyyətlərə malikdir və dişlərin sağlamlığının qorunmasına müəyyən töhfə verə bilər. Xalq təbabətində şokoladın soyuqdəymə və qızdırma zamanı faydalı olduğu qeyd edilsə də, bunun müalicə vasitəsi kimi qəbul edilməsi doğru deyil. Dünyanın ən kalorili şokolad növü südlü şokolad hesab olunur. Statistikaya əsasən, dünya qadınlarının 15 faizi hər gün şokolad istehlak edir. İsveçrəlilər isə adambaşına düşən illik istehlak həcminə görə dünyada ilk sıralarda qərarlaşıblar. Hesablamalara görə, bu ölkədə hər bir sakin il ərzində orta hesabla 10 kiloqram şokolad yeyir.
Müasir elmi araşdırmalar göstərir ki, şokoladın, xüsusilə də tünd şokoladın tərkibində əhvali-ruhiyyəni yaxşılaşdırmağa kömək edən maddələr mövcuddur. Tünd şokolad endorfin ifrazını stimullaşdıra bilər ki, bu da rahatlıq, məmnunluq və xoşbəxtlik hissinin yaranmasına kömək edir. Həmçinin bəzi tədqiqatlarda şokoladın antioksidant xüsusiyyətləri və qocalma prosesinin ləngiməsinə mümkün müsbət təsiri qeyd olunur. Bununla belə, xərçəng əleyhinə təsiri ilə bağlı qəti elmi nəticələr hələ mövcud deyil.
Ümumdünya Şokolad Gününün əhəmiyyəti ilə bağlı AZƏRTAC-ın sorğusunu cavablandıran Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, şokolad seçərkən və istehlak edərkən məhsulun etiketindəki məlumatlara diqqət yetirmək vacibdir.
Etiketdə məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı və ünvanı kimi vacib məlumatlar göstərilir. Bu məlumatların xarici dillərlə yanaşı, Azərbaycan dilində də təqdim olunması qanunun tələbidir.
Məhsulun son istifadə tarixinə xüsusi diqqət yetirilməlidir. İstehsal tarixi məhsulun hazırlandığı vaxtı, son istifadə tarixi isə onun təhlükəsiz və keyfiyyətli şəkildə istifadə oluna biləcəyi müddəti göstərir. Son istifadə tarixi keçmiş qida məhsullarının istehlakı sağlamlıq üçün risk yarada bilər və yolverilməzdir.
AQTA-dan bildirilib ki, 2 yaşdan kiçik uşaqlara şokolad verilməsi tövsiyə olunmur. Bu yaş dövründə əlavə şəkərin qəbulundan mümkün qədər uzaq durmaq məsləhətdir. Bundan əlavə, şokoladın tərkibində olan kofein və teobromin də azyaşlı uşaqlar üçün uyğun hesab edilmir.
İki yaşdan sonra şokolad yalnız az miqdarda və arabir verilməlidir. Şokolad gündəlik qida deyil, ara-sıra istehlak olunan şirniyyat kimi qəbul edilməlidir. Şəkərin yüksək olması diş çürüməsi və artıq çəki riskini artıra bilər. Tünd şokoladda kofein daha çox olduğundan, kiçik uşaqlara südlü şokolad da məhdud miqdarda verilməlidir. Axşam saatlarında şokolad istehlakı bəzi uşaqlarda yuxu rejiminə mənfi təsir göstərə bilər. Süd, soya və ya qoz-fındıq allergiyası olan uşaqlar üçün məhsulun etiketində göstərilən allergen məlumatları mütləq yoxlanılmalıdır.
Yaşlı insanlar da şokolad istehlak edərkən bəzi məqamlara diqqət yetirməlidirlər. Şokolad yüksək kalorili məhsul olduğundan porsiya ölçüsünə nəzarət edilməlidir. Şəkərli diabet və ya ürək-damar xəstəlikləri olan şəxslərə şəkər tərkibi aşağı olan məhsulları seçmək və istehlak miqdarını həkimin tövsiyəsinə uyğun tənzimləmək məsləhət görülür. Kofeinə həssas şəxslərdə, xüsusilə axşam saatlarında şokolad yuxusuzluq və ürəkdöyünmə hissini artıra bilər. Müəyyən ürək və ya sinir sistemi dərmanları qəbul edən şəxslər isə qidalanma ilə bağlı həkim tövsiyələrinə əməl etməlidirlər.
Keyfiyyətli şokoladın əsas tərkib hissələri kakao kütləsi, kakao yağı, şəkər, az miqdarda emulqator (məsələn, lesitin) və vanilindir. Tərkib siyahısı nə qədər sadə olarsa, məhsulun keyfiyyəti barədə bir o qədər müsbət fikir formalaşır. Ürək-damar sağlamlığı baxımından kakao tərkibi 70 faiz və daha yüksək olan tünd şokoladlara üstünlük verilməsi məqsədəuyğun sayılır.
Qida məhsulunun etiketində kakao kütləsi, kakao yağı, şəkər, vanilin, emulqatorlar, həmçinin enerji dəyəri, yağ, o cümlədən doymuş yağ, karbohidrat, şəkər, zülal və duz miqdarı barədə məlumatlar göstərilir. Bu göstəricilər məhsulun qidalanma dəyərini qiymətləndirməyə imkan verir.
Şokoladın növündən asılı olaraq kakao miqdarı da fərqlənir. Tünd şokoladda kakao tərkibi adətən 70–85 faiz, südlü şokoladda isə 20–40 faiz təşkil edir. Ağ şokoladın tərkibində kakao kütləsi olmur. Onun əsas komponentləri kakao yağı, şəkər, süd məhsulları və vanilindir.
Etiketdə məhsulun saxlanma şəraiti – temperatur və rütubət göstəriciləri də qeyd olunur. Bu tövsiyələrə əməl edilməsi məhsulun keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına kömək edir.
Bundan əlavə, şokolad və oxşar məhsulların tərkibində süd, fındıq, soya və digər allergiyaya səbəb ola biləcək komponentlər ola bilər. Buna görə də, xüsusilə qida allergiyası olan şəxslər məhsulun etiketində göstərilən allergen məlumatlarını diqqətlə yoxlamalıdırlar.
