Hazırda dünyada təxminən 60,8 milyon at mövcuddur

A- A A+

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən, iyulun 11-i Ümumdünya At Günü kimi qeyd olunur.

 NUHÇIXAN xəbər verir ki, həmin beynəlxalq gün 2025-ci ilin iyun ayında qəbul edilmiş 79/291 saylı qətnamə ilə təsis edilib.

Yeni beynəlxalq gün Monqolustanın təşəbbüsü ilə yaradılıb. Qətnamənin həmmüəllifləri 56 ölkə olub və sənəd 169 nümayəndə heyəti tərəfindən dəstəklənib. Bu günün əsas məqsədi atların dünyanın müxtəlif ölkələrində insanların iqtisadi və sosial həyatındakı mühüm roluna diqqət çəkmək, həmçinin onların sayının və populyasiyasının qorunmasının vacibliyini vurğulamaqdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hazırda dünyada təxminən 60,8 milyon at mövcuddur. Atlardan idman, istirahət, nəqliyyat, turizm, səhiyyə və qida sənayesində geniş istifadə olunur. Xüsusilə ucqar və əlçatmaz ərazilərdə yaşayan insanlar üçün atlar həyat təminatı və regionların sosial-iqtisadi inkişafı baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Müasir ev atı (Equus caballus) qədim dövrlərdə yaşamış vəhşi atların nəslindəndir.

Atların təxminən 4200 il əvvəl əhliləşdirildiyi hesab edilir. Elektrik və mühərriklərin ixtirasına qədər insanlar ağır fiziki işlərin böyük hissəsini məhz atların köməyi ilə yerinə yetiriblər. Onlardan həm nəqliyyat vasitəsi, həm də yük heyvanı kimi istifadə olunub. Hətta buxar maşını icad edilərkən onun gücü atın gücü ilə müqayisə edilib və nəticədə bu gün də istifadə olunan “at gücü” adlı güc vahidi yaranıb.

Bu gün də dünyanın bir çox ölkəsində atçılıq böyük əhəmiyyət daşıyır və xüsusilə kənd yerlərinin sosial-iqtisadi inkişafında vacib rol oynayır. Atlardan nəqliyyat vasitəsi kimi istifadə olunmaqla yanaşı, idman yarışlarında, at çapmalarında, turizmdə, hüquq-mühafizə fəaliyyətində və digər sahələrdə də geniş istifadə edilir. Bu isə regionların turizm cəlbediciliyinin artmasına, yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadiyyatın inkişafına, ərzaq istehsalına və digər təsərrüfat fəaliyyətlərinə töhfə verir.

Bununla belə, texnoloji tərəqqi, iqtisadi dəyişikliklər, insanların həyat tərzinin dəyişməsi, ekoloji problemlər və digər amillər səbəbindən dünya üzrə həm atların sayı, həm də atçılıq sənayesi tədricən azalır. Məhz buna görə də atçılıq mədəniyyətinin qorunduğu və inkişaf etdirildiyi ölkələr bu beynəlxalq günün təsis olunmasına təşəbbüs göstəriblər.

Ümumdünya At Günü atların qorunmasına diqqəti artırmaq və onların planetimizin sosial-iqtisadi inkişafına verdiyi töhfəni bir daha xatırlatmaq məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: