Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ilk startap layihəsi təqdim edilib

A- A A+

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə,  Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə birgə həyata keçiriləcək ilk startap layihəsinin-“Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimatı keçirilib.  

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov bildirib ki, Ali Məclis Sədrinin təhsil ocaqlarında ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Sərəncamından sonra  təşkilatlar və Universitet arasında əlaqələri genişlənib.

İsmayıl Qəribli isə bildirib ki tələbələrlə birgə startapların hazırlanması və həyata keçirilməsi üçün Komissiyada ictimai əsaslarla İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzi yaradılıb.  Mərkəz artıq “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsini hazırlayıb. Layihənin əsas məqsədi rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə “səyyari dövlət qulluğu xidməti”  göstərməkdir.

Komissiyanın əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi Türkan Gülməmmədli slayd vasitəsilə  layihə ilə bağlı ətraflı məlumat verib.

İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzinin direktoru, Komissiya sədrinin müavini Ümid Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə bağlı mobil applikasiyanın hazırlanması üçün elan edilmiş müsabiqə barədə məlumat verib. Bildirib ki, hazırlanacaq mobil applikasiyada Komissiyanın fəaliyyəti, dövlət qulluğuna dair qanunvericilik, test və müsahibə proqramları, müsabiqə elanları və digər məlumatlar öz əksini tapmalıdır. Layihələr şəxsən Komissiyaya gəlməklə və ya qurumun internet portalında (www.dqmk.nmr.az) yaradılan “Startap layihələrinin qəbulu üçün müraciət” bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər. Müsabiqədə əhatəli, ən yaxşı dizayn və interfeysə malik olan layihə qəbul ediləcək və qalib mükafatlandırılacaq.

Sonda qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: