Dövlət komitəsində kollegiya iclası keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Komitədə növbəti kollegiya iclası keçirilib.

Komitənin sədri Müslüm Cabbarzadə kollegiya iclasını açaraq “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı-Dövlət Proqramı”nın icrası istiqamətində Komitə qarşısında duran vəzifələrlə bağlı məruzə edib. Əvvəlki dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu qeyd edən Komitə sədri, yeni Dövlət Proqramı ilə müəyyənləşdirilmiş vəzifələrin yüksək səviyyədə icrası üçün görüləcək işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı müvafiq sərəncamları ilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülən işlərdən bəhs edən Müslüm Cabbarzadə bildirib ki, qarşıda duran vəzifələrin icrası, yeni ideyaların formalaşdırılması, startapların yaradılması məqsədi ilə tələbələrlə əlaqələrin intensivliyi artırılmalı, nəzəri və təcrübi məşğələlərin keçirilməsi təmin edilməlidir.

Kollegiya iclasında Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun gündəlikdə duran məsələlərlə bağlı çıxışları dinlənilib. Slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.

Kollegiya iclasında işin günün tələbləri səviyyəsində qurulması, vətəndaşların müraciətlərinə operativ baxılması, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: