Bu ilin 6 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb
Cari ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib. Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 min 434 cinayət faktı aşkarlanıb. Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Bu barədə NUHÇIXAN-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 497 kq 378, 1 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 698 kq 482,159 qramını marixuana, 236 kq 893,346 qramını heroin, 104 kq 999,798 qramını tiryək, 240 kq 913,147 qramını həşiş, 124 kq 868,74 qramını digər narkotik vasitələr və 91 kq 220,91 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 24 min 437 ədəd həb metadon, 9444 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 848 nəfər cəlb edilmiş, onlardan 2 min 766-si kişi, 82-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kq 615,242 qram və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.
