Bu ilin 6 ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 344 kq 610,925 qram və 20 min 930 ədəd həb metadon narkotik vasitə çıxarılıb.
Bu barədə NUHÇIXAN-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, ümumilikdə, aşkar edilmiş cinayətlərin 117-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 222 kq 5633 qram və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qram güclü təsir edən maddə müsadirə edilib.
1526 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 137 kq 582,1 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib. Təhlil göstərir ki, 2025-ci ilin yanvar-iyun ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 241 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 393 fakt, narkotikxassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 22 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 23 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 22 nəfər azalıb, həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 174 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 207 kq 331,302 qram, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 10 nəfər artıb.
2025-ci ilin yanvar-iyun ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 9 kq 385,487 qram (7%), psixotrop maddələrin çəkisi 5 kq 412,321 qram (5,6%) azalıb. Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 698 kq 482,159 qramı (85,4%) marixuana təşkil edib. Onun da 3 ton 886 kq 043,499 qramı (82,7%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 812 kq 438,66 qramı (17,2%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
